“Azərbaycana bəla olan AZAL-a “dur” deyən lazımdır” – Deputat
“Quru sərhədləri açılmalıdır ki, vətəndaşlarımızın gediş-gəlişi asanlaşsın, əziyyət çəkməsinlər. Düşünürəm, Rusiya, eləcə də Gürcüstanla aramızda quru sərhədlərdə təhlükəsizlik məsələləri ilə bağlı heç bir problem olmamalıdır. Bu, sadəcə, pandemiya dövründən qalan bir qərardır. Artıq məhdudiyyəti ləğv etmək lazımdır. Burada iqtisadi inkişaf məsələləri də var, ciddi məsələdir və baxılmalıdır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
E.Məmmədov Bakıdan qardaş ölkə Türkiyəyə təyyarə biletlərinin İrəvana nisbətən daha baha olmasına da münasibət bildirib: “Azərbaycanda AZAL deyilən bir qurum var. Bu qurum Azərbaycan xalqının, dövlətinin başına bir bəla olub. Görünür, bu quruma rəhbərlik edənlər xalqın vəziyyəti, problemləri ilə maraqlanmaq yox, özlərinin maddi durumlarını yaxşılaşdırmaq üçün çalışırlar. AZAL-ın təyyarə biletləri təkcə qardaş Türkiyəyə yox, bütün istiqamətlərdə bahadır. Bütün şirkətlər arasında ən baha bilet AZAL-ındır. Deputatlarımız, vətəndaşlarımız tərəfindən bu narazılıqlar daim səsləndirilir. Bu işin öhdəsindən gəlmək, bunlara “dur” deyən lazımdır. Hamının ümid yeri cənab Prezidentdir. Yəqin ki, Prezident İlham Əliyev bütün bu narazılıqların aradan qaldırılması üçün müvafiq tədbir görəcək”.