Azərbaycan xalqı Heydər Əliyevin müstəsna xidmətlərini hörmət və ehtiramla yada salır – FOTO/VİDEO
1990-cı illərin əvvəllərində hakimiyyətdə olan AXC-Musavat hakimiyyəti Azərbaycanı çox böyük təhlükələrlə üz-üzə qoymuşdu. Vətəndaş müharibəsi, daxili xaos və anarxiya, cəbhədə bir-birinin ardınca məğlubiyyətlər, hakimiyyət uğrunda silahlı münaqişələr, yarıtmaz və naşı idarəçilik ölkəni uçurumun astanasına gətirmişdi. Həmin zaman Azərbaycan xalqının tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev uzun illər topladığı bilik və bacarığından istifadə edərək xalqı bu ağır vəziyyətdən xilas etdi, Azərbaycanın dövlətçiliyini, müstəqilliyini qoruyub saxladı.
Bunu Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif layihəsinin Milli Qurtuluş Günü ilə bağlı buraxılışında 1-ci Qarabağ müharibəsinin veteranı, siyasi şərhçi Elşad Həsənov bildirib.
E.Həsənov qeyd edib ki, Heydər Əliyev xalqın dəstəyi ilə ölkədə sabitlik, əmin-amanlıq yaratdı, silahlı dəstələri ləğv etdi, dövlətimizə qarşı yönəlmiş daxili və xarici təhlükələri aradan qaldırdı:
“Bu gün hər bir Azərbaycan vətəndaşı ulu öndər Heydər Əliyevin bu müstəsna xidmətlərini dərin hörmət və ehtiramla yada salır, onun əziz xatirəsi qarşısında baş əyir. Ulu öndərin təməlini qoyduğu Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbəliyi ilə dünya miqyaslı nəhəng layihələrə imza atır. Ulu öndərin dediyi kimi, Azərbaycan bu gün dünyaya günəş kimi işıq saçır. Bütün bu uğurlar xalqımız üçün fəxr, qürur yaşadır”.
Müsahibənin videovariantını təqdim edirik.