Turizm mövsümü başlayan kimi Bakı-Alanya reysi ləğv edildi
Azərbaycanda turizm mövsümü və xaricə səyahətlər dövrü başlayan kimi, Türkiyənin «Pegasus» şirkətinin Bakı-Alanya reysləri ləğv edilib.
Şirkətin iyunun 20-dən sonra Bakı-Alanya və əks istiqamətdə nəzərdə tutulan bütün reysləri ləğv edilib və yay mövsümünün sonunadək bu istiqamətdə uçuşların olmayacağı bildirilir.
Türkiyənin kiçik büdcəli (yəni aşağı qiymətə bilet satan) «Pegasus» aviaşirkətinin Bakıdan Alanyaya uçan reysləri ləğv edilib.
«Pegasus»un Bakı ofisindən FED.az-a reyslərin ləğv edildiyini təsdiqləyiblər, amma səbəbini açıqlamayıblar. Şirkətdən bildirilib ki, iyunun 20-dən alınan biletlərlə uçmaq «böyük ehtimalla mümkün olacaq», amma ondan sonrakı reyslər ləğv edilib.
Qeyd edək ki, xaricə ucuz reyslərin böyük qıtlığı olan Azərbaycanda «Pegasus» şirkəti ölkədə aşağı qiymətlə reyslər yerinə yetirən azsaylı – bir neçə şirkətdən biridir. «“Pegasus»un Alanya reysləri yaya mövsümündə yerli turistlərin Türkiyənin məşhur kurortlarına (Alanya və Antaliya) nisbətən aşağı qiymətlə uçuşuna imkan verirdi.
Şirkət bu il Bakıdan Alanyaya reyslər təşkil edirdi. «Pegasus»dan FED.az-a açıqlamada bildirilib ki, oktyabr ayına kimi həftənin 3 günü Alanyadan Bakıya reyslərin hərəkəti planlaşdırılmışdı: «Hər həftənin 3, 5, 7-ci günləri gecə saat 4:30 üçün biletlər mövcud idi. Artıq bu reyslər ləğv olunub».
Qeyd edək ki, şirkət reyslərin ləğv olunmasının səbəbini ictimaiyyətə açıqlamaq istəməyib. Bakı ofisindən FED.az-a bildirilib ki, bu barəçdə baş ofisdən göstəriş gəlib: «Səbəbini bizə deməyiblər».
Hazırda «Pegasus»un Azərbaycandan iki istiqamətdə reysləri var -Bakı-İzmir reysi və Gəncə-İstanbul reysləri aktivdir.