“Türkiyəyə daha çox siyasi, diplomatik və informasiya dəstəyi verməliyik”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini oxuculara təqdim edirik:
– Qüdrət bəy, qardaş Türkiyə Respublikası təhlükəsizlik məqsədilə Suriyanın onunla sərhəd ərazilərində terrora qarşı hərbi əməliyyatlar keçirməyə hazırlaşır. Türkiyəyə dəstəyimiz hansı formada ola bilər?
– Düşünmürəm ki, qardaş ölkənin əsgəri dəstəyə ehtiyacı olsun, amma belə bir müraciət olarsa əminəm ki, Azərbaycan dərhal bunu edəcək. Biz hazırda Türkiyəyə daha çox siyasi, diplomatik və informasiya dəstəyi verməliyik. Ehtiyac yaranarsa, qardaş ölkənin ordusuna yanacaq və silah-sursat göndərməklə də dəstək verə bilərik.
– PKK-nın Azərbaycanda terror təşkilatı kimi tanınmamasına dair manipulyasiyalara münasibətiniz necədir?
– Bunu söyləyənlər savadsız adamlardı. Azərbaycan terrorçuluğa qarşı mübarizə barədə mövcud olan 12 beynəlxalq konvensiyanın hamısına qoşulub. Bundan başqa, 1999-cu ildə “Terrorçuluğa qarşı mübarizə barədə” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Azərbaycan qanunvericiliyinə görə terror təşkilatları məhkəmənin qərarı ilə tanınır. Teror təşkilatlarının adları qanunvericiliyə görə xüsusi reyestrə daxil edilmir. Bizdə 2015-ci ildə “Dini ekstremizmə qarşı mübarizə barədə” də Qanun qəbul olunub, amma “Etnik seperatizmə qarşı mübarizə barədə” qanunumuz yoxdur. Yaxşı olardı ki, “Terrorçuluğa, dini ekstremizmə və etnik seperatizmə qarşı mübarizə barədə” vahid qanun qəbul edilsin. Qanunla məhkəmə qaydasında bu cür fəaliyyətlə məşğul olması təsdiq edilən təşkilatların fəaliyyəti qadağan olunmalı, həmin təşkilatın üzvüləri, onlara yardım edənlər, həmin təşkilatların fəaliyyətini işıqlandıranlar cinayət məsuliyyətinə cəlb olunmalıdrlar. O cümlədən, qanunda nəzərdə tutulmalıdır ki, terrorçuluqla, dini ekstremizmlə, etnik seperatizmlə məşğul olması məhkəmə qaydasında təsdiq olunmuş təşkilatların siyahısı ya Baş Prokurorluq, ya da Ədliyyə Nazirliyi tərəfindən Xüsusi Reyestrə daxil edilir və dərc olunur.
– Dini qurumlarla iş üzrə Dövlət Komitəsi Azərbaycanda dini təfriqə salmaq istəyənlərin yenidən canlanması barədə açıqlama ilə çıxış etdi. Bu sahədə vəziyyət nə qədər ciddidir?
– Dövlət Təhlükəsizlik Xidmətinə və Daxili İşlər Nazirliyinə yeni rəhbərlər təyin olunanda dedim ki, ölkədə təxribat törətmək, sabitliyi pozmaq istəyənlər bundan sonra ciddi-ciddi düşünməlidirlər. Bu dövlət qurumları, o cümlədən Xarici Kəşfiyyat Xidməti ölkəmizə qarşı yönələn istənilən təxribatçı fəaliyyətin qarşısını qətiyyətlə almaq gücündədir. Vətəndaşlarımızın böyük bir qismi sosial fəal olmasa da regionda nə baş verdiyini, kimin, hansı dövlətin hansı işlə məşğul olduğunu yaxşı bilir. Yoxsul və hüquqları pozularaq incidilmiş insanlardan sosial baza toplayıb ara qarışdırmaq cəhdləri həmişə olduğu kimi yenə də səmərəsiz olacaq. Dini Komitə və Qafqaz Müsəlmanları İdarəsi inanclı insanlarla işi gücləndirməli, dinimizi istismar edən, ondan siyasi məqsədlər üçün dələduzcasına istifadə etmək istəyənləri ifşa edib, onların səylərini puç etməlidirlər. Ölkəmizdə yoxsulluğa qarşı mübarizə, qanunların aliliyinin təmin olunması istiqamətində işlər sürətləndirilməli, dini ekstremizmə münbit şərait yaradan halların yayılmasının qarşısı alınmalıdır. Biz müsəlman ölkəsiyik. Bizim öz milli dəyərlərimiz var. İnanıram ki, bu istiqamətdə də ciddi qərarlar qəbul olacaq.
Mənbə: BAXCP mətbuat xidməti