Ermənistanda heç bir siyasi qüvvə Qarabağın Azərbaycanın tərkibində olmasını istəmir – Elşad Musayev
Hadisələrin elə ilk günündən Paşinyana inanmağın və onu digər erməni liderlərindən daha pozitiv rolda təqdim etməyin doğru olmadığını dəfələrlə qeyd etmişəm.
Ermənistanda Paşinyan və onun rəhbərlik etdiyi partiya da daxil olmaqla heç bir siyasi qüvvə, o cümlədən də, bütövlükdə Ermənistan cəmiyyəti Qarabağın Azərbaycanın tərkibində olmasını istəmir.Özümüzü aldatmayaq, Ermənistan götürdüyü heç bir öhdəliyə əməl etmir və etməyəcək.
2022-ci il üçün Ermənistan dövləti Paşinyanın rəhbərliyi altında qondarma qurumun büdcəsinə 338 milyon ABŞ dolları (144 milyard dram) vəsait verir.
Əgər Paşinyan bütövlükdə Qarabağı Azərbaycanın tərkibində görürsə onda Xankəndiyə 338 milyon dollarlıq vəsaiti niyə verir?
Qondarma qurumun “parlament”ində təmsil olunan siyasi partiya rəhbərləri Ermənistandakı Paşinyan əleyhinə aksiya keçirən müxalifət partiyaları rəhbərləri ilə Qarabağın Azərbaycana “verilməsinə” cəhd edən siyasi qüvvəyə qarşı birgə mübarizə aparmaq barədə birgə qərar qəbul ediblər.
Televiziya çıxışlarımda detalları ilə bu məsələlərə toxunduğum üçün geniş şərh verməyə lüzum görmürəm, amma bir şeyi açıq deyirəm ki, ermənilər yalnız güc dilini başa düşürlər.
Odur ki, anti-terror əməliyyatına hazır olmalıyıq və çıxış yolu hərbi-siyasi yoldur…
Elşad Musayev, Böyük Azərbaycan Partiyasının sədri