Qüdrət Həsənquliyev:”Biz mütləq Xankəndinə, Xocalıya qayıdacağıq” – MÜSAHİBƏ
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini oxuculara təqdim edirik:
Qüdrət bəy, BMT-nin nüvə məsələləri üzrə keçmiş müfəttişi Deyvid Olbrayt bu günlərdə mətbuata verdiyi açıqlamada bəyan edib ki, İran nüvə silahı əldə etməyə çox yaxındır. İranın nüvə silahı əldə etməsi dünya üçün nə qədər təhlükəlidir?
– Nüvə silahına sahib olan ölkələr nə qədər təhlükəlidirsə İran da o qədər təhlükəli olacaq. Ya hamı nüvə silahından imtina etməlidir, ya da ən azı əhalisinin sayı 50 milyonu keçən dövlətlərə bu hüquq tanınmalıdır. Nüvə silahı böyük çəkindirici gücə malikdir və təhlükəsizliyə xidmət edir. Ukrayna nüvə silahına sahib olsaydı Rusiya heç vaxt Ukraynaya hücum etməz, 10 minlərlə insan həyatını itirməz, yüzlərlə, minlərlə yaşayış məntəqəsi xarbazarlığa çevrilməzdi. İran nüvə silahı əldə etsə, Türkiyə, Misir də nüvə silahı əldə edəcək. Bu regionda yeni müharibələrin qarşısını alacaq, bizim kimi ölkələr nüvə silahına sahib, beynəlxalq hüquqa məhəl qoymayan dövlətlərin təzyiqlərindən qismən də olsa xilas olacaq. Məsələn, Türkiyə nüvə silahına sahib olsaydı, heç bir dövlət nə Azərbaycanı, nə də digər türk dövlətlərini bu qədər incidə bilməzdi. İran rəhbərliyi təzyiqlərə davam gətirməli və nüvə silahına sahib olmaq şansını əldən verməməli,digər iri dövlətlərə də yol açmalıdır.
İslam respublikaları olan Pakistan və İran daha bir neçə müsəlman dövlətinə nüvə silahına sahib olmaqda kömək etməlidir.Bu ona görə vacibdir ki,hazırda BMT başda olmaqla heç bir beynəlxalq təşkilat, yaxud ABŞ və ya Çin kimi super güclər kiçik dövlətlərin təhlükəzisliyinə təminat vermir. Ona görə də nüvə silahına sahib ölkələr əxlaqlı davranmalı və başqa ölkələrin də nüvə silahı əldə etməsinə mane olmamalıdırlar.
– Türkiyədə növbəti prezident seçkiləri yaxınlaşır, yenidən namizədliyini vermiş Ərdoğanın seçilməsi şansını necə qiymətləndirirsiniz?
– Hazırda Türkiyədə yüksək infilyasiya əhalinin sosial vəziyyətinə mənfi təsir göstərsə də Ərdoğanın hakimiyyəti illərində ölkə çox güclənib. Qərbin forpostu olmuş, qardaş Azərbaycana iki mülki helikopter vermək cəsarətində olmayan Türkiyə Ərdoğanın yürütdüyü hazırkı müstəqil siyasəti ilə dünyada hər kəsin hörmət etdiyi, yüksək texnologiyaya sahib sənaye dövlətinə çevrilməkdədir. O hakimiyyətdə qalsa, inanıram ki, belə də olacaq, 5 ildən sonra biz tamam başqa bir Türkiyə görəcəyik. Düşünürəm ki, Türkiyə vətəndaşları məsələrə strateji yanaşacaq və xarizmatik lider olan Ərdoğana yenidən etimad göstərəcəklər. Türkiyənin və region ölkələrinin ona böyük ehtiyacı var. Onu da qeyd edim ki, Türkiyədə kimin iqtidarda olmasından asılı olmayaraq bizim Türkiyə ilə qardaşlıq münasibətləri yüksələn xətlə inkişaf edəcək.
– Ermənistanla münaqişəyə son qoyulması, Qarabağda Azərbaycanın suverenliyinin tamamilə bərpası perspektivlərini necə görürsünüz?
– Nə ABŞ, nə Rusiya, nə də Avropa İttifaqı münaqişəyə son qoyulmasında və Azərbaycanın Qarabağ üzərində suverenliyinin bərpasında maraqlı görsənmir. Onlar yenidən danışıqları sonsuzluğa qədər uzatmağa çalışacaqlar. Azərbaycan Rusiya ilə yanaşı Türkiyə və türk dövlətləri ilə, Pakistan və İranla ciddi təmaslarda olmalı, suverenliyimizin bərpası üçün cəsarətli qərarlar qəbul etməlidir. İqtidar xalqımıza Qarabağ üzərində suverenliyimizi hansı müddətə və necə bərpa edəcəyinə dair planlarını açıqlamayıb, amma inanıram ki, belə bir plan var və biz daha 30 il mənasız danışıqlar aparıb, torpaqlarımızın işğal altında qalması ilə barışmayacağıq. Biz mütləq Xankəndinə, Xocalıya qayıdacağıq.