GündəmManşetXəbər xətti

Bakıda taksi sürücüsü ilə usta arasında qanlı dava — Təfərrüat

Bakının Binəqədi rayonunda 1983-cü il təvəllüdlü İntizar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Mehdiyə xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin aprelin 22-də rayonun 28 May qəsəbəsi, İzlivnoy küçəsində yerləşən avtomobil təmiri sexlərinin qarşısında baş verib. 

Orada İntizar istintaqla müəyyən edilməyən deşici-kəsici alətlə Mehdini vurub. 

İstintaq orqanı tərəfindən İntizarın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Fikrət Qəribovun icraatında araşdırılıb. 

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən İntizar elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, gündəlik kirayəyə götürdüyü avtomobildən taksi kimi istifadə edib: “Mehdi adlı şəxsi 2020-ci ildən tanıyıram. Mehdi Müşfiqabad qəsəbəsində yerləşən avtotəmir sexində qaynaqçı işləyir. 2020-ci ilin əvvəlində Mehdi özündə “Fiat Albeo” avtomobilinə aid ehtiyat hissələrinin olduğunu və həmin hissələri ucuz qiymətə mənə sata biləcəyi barədə məlumat verdi. Mehdidə avtmobilimə aid bir neçə ehtiyat hissələrin olduğunu gördü, ondan həmin əşyaları almaq qərarına gəldim. Mehdi məndən həmin vaxtı 100 manat  istədi. Lakin Mehdidən ehtiyat hissələrini götürdüyüm halda ona pul verə biləcəyimi bildirdim. Mehdi əlində iş gördüyü bıçaqla qəfildən sinəmə zərbə endirdi. İlk öncə  Mehdinin mənimlə zarafat etdiyini düşündüm. Lakin sinəmə baxdıqda, sinəmdən qan axdığını gördüm. Qardaşım Qüdrətə zəng vuraraq, bu barədə məlumat verdim. Qardaşıma olduğum yeri izah etdim. Qardaşım Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə zəng edərək, bu barədə məlumat vedm”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin hadisə ilə bağlı Abşeron rayon Polis İdarəsinin təhqiqat şöbəsində araşdırma aparılıb və sonradan Mehdidən şikayətçi olmayıb: “Daha sonra Mehdi ilə əlaqəmi kəsdim. Aprelin 9-da avtomobilimin təmiri ilə əlaqədar Gündüz adlı ustanın yanına getdim. Gündüzlə aramızda sözlə mübahisəmiz yarandı. Həmin yerdən bir qədər uzaqlaşaraq getmək istədim. Bu zaman Gündüzün yanında digər sexdə işləyən Mehdi yaxınlaşdı, mənim barəmdə uca səslə təhqiramiz sözlər işlətdi. Bu zaman Mehdiyə yaxınlaşaraq, nə üçün məni söydüyünü soruşdum. Bundan sonra Mehdi ilə bir qədər mübahisə etdik. Bir-birimizə qarşı söyüşlü ifadələr işlətdik. Mübahisə zamanı Mehdi əlində olan bıçaqla boyun nahiyəmə bir dəfə zərbə endirdi. Həmin zərbədən sonra bir qədər Mehdidən geriyə çəkildim. Bundan sonra huşumu itirdim. Özümə gəldikdə isə xəstəxanada olduğumu bildim. Bu hadisə ilə də bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparıldı”. 

İntizar deyib ki, bundan sonra, aprelin 22-də səhər saatlarında yenidən özünə məxsus olan “Daewoo Larus” markalı avtomobiliə baxmaq üçün 28 May qəsəbəsi, İzlivnoy küçəsində yerləşən avtotəmir sexinə gedib: “Həmin vaxtı  Mehdini Gündüzün işlədiyi sexin qarşısında gördüm. Aramızda yenidən mübahisə baş verməməsi üçün həmin yerdən uzaqlaşdım. Bundan sonra həmin gün saat təxminən 16 radələrində yenidən yuxarıda göstərilən sexin qarşısına gəldim və Mehdini orada görmədim. Bir qədər sonra saat təxminən 17 radəərində Mehdi idarə etdiyi “Mercedes Benz” markalı avtomobil ilə Gündüzün işlədiyi sexin qarşısına gəldi və avtomobildən düşərək özündən razı şəkildə sexə daxil oldum. Mehdinin baxışları və yerişi mənə çox pis təsir etdi. Mehdini yanıma çağırdım ki, aramızda olan məsələyə son qoyaq. Mehdidən nə üçün belə etdiyini, ona borcumun olub-olmadığını soruşdum. Mehdi isə ona 200 manat borcumun olduğunu bildirdi. Mehdidən həmin borcun nə zaman yarandığını soruşdum. Mehdi mənə avtomobil buferini verdiyini və borcunun həmin buferlə əlaqədar olduğunu bildirdi. Bu zaman Mehdinin üzünə qarşı yalançıya söydüm. Həmin vaxt Mehdi qəfildən sifət nahiyəmdən yumruqla zərbə endirdi. Mehdinin zərbəsindən sonra bir qədər geriyə çəkildim. Mehdi mənə yenidən yumuruq atmaq istədi. Bu zaman biz süpürləşməyə başladıq. Ehtiyat etdim ki, Mehdi mənim yaramdan zərbə endirməsin. Mehdi üzərimə yenidən gəldiyi zaman əlimi sexin içərisindəki masanın üzərinə atdım. Həmin vaxtı masanın üzərində olan bıçaq əlimə keçdi. Özümü Mehdidən xilas etmək üçün onun bədən nahiyəsinə bir neçə zərbə endirdim. Lakin Mehdi dayanmayaraq, üzərimə gəlməyə davam etdi. Sonra qaçaraq həmin yerdən uzaqlaşdım, yaşadığım evə getdim”. 

Təqsriləndirilən şəxs həmçinin ifadəsində göstərib ki, Mehdi ilə aralarında uzun müddət davam edən ədavət səbəbindən əsəblərini cilovlaya bilməyib, onu bıçaqla vurub. Qeyd edib ki, hazırda zərərçəkmiş şəxs ilə barışıb və törətdiyi əməldən səmimi peşmançılıq çəkir.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Mehdinin sözlərinə görə, Binəqədi rayonu, Müşfiqabad qəsəbsi ərazisində yerləşən avtomobil təmir sexində dəmirçi fəaliyyəti ilə məşğul olur: “İntizarı hadisədən bir il əvvəl tanımışam. 2020-ci ilin əvvəllərində İntizar idarə etdiyi “Fiat Albeo” markalı avtomobillə işlədiyim sexə gəldi. İntizarın idarə etdiyi avtomobilinin buferini pis vəziyyətdə olduğunu gördüm, həmin avtomobilə aid məndə buferin olduğunu bildirdim. İntizara həmin buferi 140 manata sata biləcəyimi dedim. İntizar mənimlə razılaşandan sonra həmin buferi ona verdim. Bundan sonra İntizardan buferin pulunu istədim. İntizar buferə görə mənə 20 manat verdi. İntizardan pulun qalan hissəsini istədim. Bu zaman İntizar heç bir səbəb olmadan məni söyməyə başladı. İntizara sakit şəkildə verdiyim avtomobil hissəsinə görə pulumu istədiyimi bildirdim. İntizar isə mənə pulun avtomobildə olduğunu bildirdi, avtomobilinə tərəf getdi. Daha sonra isə İntizarı avtomobilində özünə kəsici alətlə xəsarət yetirdiyini gördüm. Bununla əlaqədar İntizar məndən Abşeron rayon Polis İdarəsinə şikayət etdi. Həmin şikayət əsasında idarədə araşdırma aparıldı”. 

Zərərçəkmiş şəxsin sözlərinə görə, martın 27-də avtotəmir sexində işdə olduğu zaman İntizar onun iş yoldaşı olan Gündüzün yanına gəlib və nə üçün avtomobilini təmir etmədiyini Gündüzdən soruşub: “Gündüz İntizara narahat olmamağı və tez bir zamanda avtomobilini düzəldəcəyini dedi. İntizar Gündüzə söyüş söydü. Bundan sonra İntazara artıq hərəkətlər etməməsini bildirdim. Daha sonra İntizar əsəbi şəkildə idarə etdiyi avtomobili səkiyə qaldırdı. İntizarın bu hərəkətlərindən sonra onu təhqir etdim. Həmin zaman yanında olan İntizarın bacısı oğlu ona bu barədə məlumat verdim. Məlumat aldıqdan sonra İntizar üzərimə gəldi. Aramızda mübahisə başladı. Həmin mübahisə nəticəsində İntizara xəsarət yetirdim və bununla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparıldı”. 

Zərərçəkmiş şəxs qeyd edib ki, aprelin 22-də, saat təxminən saat 17 radələrində idarə etdiyi “Mersedes Benz“ markalı avtomobillə işlədiyi sexə gəlib: “Avtomobildən düşən zaman İntizarın orada olduğunu gördüm. Sexə tərəf getdim və İntizar mənə yaxınlaşaraq, əlini uzatdı, mənimlə  görüşmək istədi. İntizara salam vermədən işi ilə məşğul olmasını bildirdim. Həmin anda ayağımda ağrı olduğunu hiss etdim İntizara tərəf çönəndə, sonuncunun əlində bıçaq olduğunu gördüm. Bundan sonra İntizar əlində olan bıçaqla yenidən döş qəfəsimə zərbə endirdi. İntizarın bu zərbələrindən yayınmaq üçün onu itələdim. Yerdə olan dəmir parçasını götürərək İntizarın arxasıyca qaçdım. Daha sonra özümü bir qədər pis his etdim, yerə yıxıldım. Həmin vaxtı işlədiyim sexin qarşısında olan şəxslər məni ilkin yardım göstərdi. Təcili yardıma zəng etdilər, məni xəstəxanaya götürdülər”. 

Zərər çəkmiş şəxs həmçinin ifadəsində göstərib ki, baş vermiş hadisə ilə bağlı hazırda təqsirləndirilən şəxs ilə barışıb və ona qarşı heç bir şikayəti yoxdur.

Məhkəmənin hökmü ilə İntizarın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. 

Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza təyin olunub.