Bütün dünyaya verilən aydın mesaj
“TEKNOFEST” Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalıdır. 2018-ci ildən hər il təşkil olunan “TEKNOFEST” festivalında Azərbaycan2021ci ildən iştirak edir. Festivalın sərgi hissəsində qurulmuş Azərbaycan Milli Pavilyonunda 11 yerli şirkət və startapın məhsulları, həmçinin ölkəmizin yerli istehsalı olan pilotsuz uçuş aparatları sərgilənib.
“TEKNOFEST” festivalının Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilməsi iki ölkə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürüdür.
Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır.
İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.
Tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2021-ci ildə Zəfər paradında gördük. Bu, birliyimizin təntənəsi idi. Biz bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq.
Şuşa Bəyannaməsindən danışan Prezident İlham Əliyev “Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı” demiş və bu müttəfiqliyin özünü hər yerdə – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində göstərməsini vurğulamışdır. Bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək.
Prezident İlham Əliyev qeyd edib ki, Selçuk Bayraktar nəinki “TEKNOFEST”in təşkilatçısı və təşəbbüskarıdır, eyni zamanda Selçuk bəy və Bayraktar ailəsi dünyada məşhur ailədir. İkinci Qarabağ savaşında məşhur “Bayraktar” silahlarının rolunu indi dünyada bilməyən yoxdur. Dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və “TEKNOFEST”in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş məşhur “Bayraktar” PUA-ların ixtiraçısı Selçuk Bayraktarın Azərbaycana bir arada təşrif buyurmaları əlamətdar hadisədir. Əziz Səncər kimi insanlar gənclər üçün örnəkdir, nümunədir – həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insan. Selçuk Bayraktar da gənclər üçün gözəl örnəkdir, nümunədir. Əminəm ki, bizim gənclərimiz Selçuk bəy kimi olmağa çalışacaqlar.
Azərbaycan və Türkiyə birliyi təzyiqlə, təhdidlə qorxudulanlardan olmayıb və əsla olmayacaq. İşğala və haqsızlığa qarşı hər şəraitdə doğru olanı söyləməkdən, haqlı mübarizəmizi müdafiə etməkdən geri durmadıq və durmayacağıq.
Göründüyü kimi, “TEKNOFEST” təkcə ən böyük aviasiya, kosmos və texnologiya festivalı deyil, eyni zamanda iki qardaş dövlətin səmimi münasibətlərinin və sarsılmaz türk birliyinin göstəricisidir. Prezident İlham Əliyevin dediyi kimi: “30 ildir Azərbaycan xalqı azad yaşayır, müstəqil siyasət aparır, siyasətinin əsasında isə qonşu dövlətlərlə səmimi qonşuluq və tərəfdaşlıq prinsiplərini əsas tutur”.
Bugün ölkəmizdə xalq-iqtidar birliyinin, xalqın dövlətə, dövlət başçısına inamının, etimadının fonunda praqmatik, uzaqgörən siyasi liderin gələcəkdə də möhtəşəm uğurlara imza atacağından xəbər verir. Müharibədə olduğu kimi, sülh dönəmində də Türkiyə qardaş Azərbaycanın yanındadır.
Cavid Əliyev
Xətai rayonu, 86 №li tam orta məktəbin direktoru