Əcnəbilərin inteqrasiyası ilə bağlı icra olunan layihənin yekun tədbiri keçirilib – FOTOLAR
Əcnəbilərin inteqrasiyası ilə bağlı icra olunan layihənin yekun tədbiri keçirilib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanda yaşayan əcnəbilərin cəmiyyətə inteqrasiyasına dəstəyin göstərilməsi” layihəsinin yekun tədbiri keçirilib.
Dövlət Miqrasiya Xidmətinin inzibati binasında təşkil olunan tədbirdə miqrasiya sahəsində təcrübəsi olan qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov əcnəbilərin cəmiyyətə inteqrasiyası sahəsində həyata keçirilən dövlət siyasəti haqqında danışıb və bu sahədə həyata keçirilən tədbirlər və gələcəkdə icra olunacaq fəaliyyətlər barədə məlumat verib.
“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov layihənin nəticələri barədə məlumat verib. Qeyd olunub ki, Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi sayəsində icra olunan layihə çərçivəsində əcnəbilərin inteqrasiyasının müxtəlif aspektləri ətrafında silsilə müzakirələr keçirilib və bu müzakirələrin nəticələri barədə məlumat sosial media və kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb. Eyni zamanda vurğulanıb ki, ictimai müzakirələr zamanı əldə olunan nəticələr əcnəbilərin inteqrasiyasının effektivliyini təmin etmək üçün yeni təkliflərin irəli sürülməsinə səbəb olub. Bundan başqa layihə çərçivəsində məlumatlandırıcı buklet və maarifləndirici metodik vəsait çap olunub və aidiyyəti üzrə paylanılması məqsədilə Dövlət Miqrasiya Xidmətinə təhvil verilib. Layihə icra olunan zaman yüzə yaxın miqrantın Azərbaycan cəmiyyətinə inteqrasiyasını sürətləndirmək məqsədilə zəruri dəstəklər göstərilib.
Tədbirdə iştirak edən vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri Zaur İbrahimov, Telman Məmmədov, Ramil İsgəndərli, Nəsimi Həsənov və digərləri layihənin müasir dövrdə aktuallığı ilə xarakterizə edilən miqrasiya proseslərlərinin vacib komponentinə həsr olunduğunu və bu kimi fəaliyyətlərin gələcəkdə daha geniş miqyasda keçirilməsinin vacibliyini qeyd ediblər.