Elbrus Məmmədov Piterdə böyük mərkəz açdı – FOTO
Rusiyada azərbaycanlı iş adamlarına məxsus daha bir böyük iqtisadi mərkəz fəaliyyətə başlayıb, Sankt-Peterburq şəhərindəki Aqropark NART topdansatış mərkəzinin açılışı olub.
Elchi.az xəbər verir ki, mərkəz azərbaycanlı iş adamı, Pulinvest MMC-nin baş direktoru Elbrus Məmmədova məxsusdur.
Açılış mərasimində Sankt-Peterburqun vitse-qubernatoru Anatoli Poveliy, Sankt-Peterburqun sənaye siyasəti, innovasiya və ticarət komitəsinin sədri Kirill Sosloveyçik, layihənin həmtəsisçiləri NART MMC-nin baş direktoru Ruslan Misikov və Pulinvest MMC-nin baş direktoru Elbrus Məmmədov iştirak ediblər.
Aqropark NART MMC layihəsi məhsulların maksimum saxlanmasını təmin etmək üçün müasir texnoloji avadanlıqlarla təchiz edilmiş istehsal və anbar binaları kompleksidir. İcarəyə verilən binaların ümumi sahəsi 150.000 kvadratmetrdən çoxdur. Məhsulun saxlanma həcmi ildə 2,5 milyon ton planlaşdırılır. Ərazidə 400-ə yaxın icarəçi yerləşə bilər. Layihənin həyata keçirilməsi 3,5 min nəfərin işlə təmin olunmasına töhfə verəcək.
Mütəşəkkil təsərrüfat sıraları – pavilyon tipli binalar meyvə-tərəvəzin ilin istənilən vaxtında, yenidən yükləmədən birbaşa istehsalçının nəqliyyatından satışına imkan verir. Leninqrad vilayətinin və digər qonşu rayonların fermerləri pərakəndə satış şəbəkələrinin logistika şəbəkələrinə qoşula və ya məhsullarını birbaşa kompleksin ərazisində, ticarət qalereyasında sata biləcəklər.
Gündə 4000-ə qədər avtomobil qəbul etmək gücünə malik logistika kompleksinin fəaliyyəti Sankt-Peterburq sakinlərini təzə ərzaq məhsulları ilə təmin etmək gücündədir. Bildirilib ki, artıq kompleksin ən böyük pərakəndə satış şəbəkələri ilə yerin icarəsi barədə müqavilələri var.
Ən son çatdırılma və saxlama texnologiyaları istehsalçıdan istehlakçıya gedən yolu minimuma endirməyə imkan verəcək və Sankt-Peterburq sakinləri təzə məhsullar ala biləcəklər.
Layihənin reallaşmasına 2019-cu ildə başlanılıb. PMEF-2021 sərgisində Sankt-Peterburq, NART MMC və Pulinvest MMC arasında Aqropark NART Topdansatış Mərkəzinin yaradılması çərçivəsində əməkdaşlıq sazişi imzalanıb.
NART Aqroparkının fəaliyyəti Sankt-Peterburqa vətəndaşların təzə tərəvəz və meyvələrlə təminatını yüksək səviyyədə saxlamağa, eləcə də Şimal-Qərb regionunda istehsalçılar arasında əməkdaşlıq imkanlarını genişləndirməyə imkan verəcək.
Bundan başqa topdansatış mərkəzi Sankt-Peterburq və ətraf regionlarda işləyən azərbaycanlılar üçün mühüm iş yeridir.