Gəncə bölgəsində yaşayan əcnəbilərin inteqrasiyana dair müzakirələr aparılıb – FOTOLAR
Gəncə bölgəsində yaşayan əcnəbilərin inteqrasiyana dair müzakirələr aparılıb.
Gəncə şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanda yaşayan əcnəbilərin cəmiyyətə inteqrasiyasına dəstəyin göstərilməsi” layihəsi çərçivəsində “Azərbaycanın Qərb bölgəsində miqrasiya idarəçiliyi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda dəyirmi masa keçirilib.
Gəncə Regional Miqrasiya İdarəsinin və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın təşkilatçılığı ilə keçirilən tədbirdə Gəncədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və dövlət qurumlarının nümayəndələri, o cümlədən ali təhsil müəssisələrinin əcnəbi tələbələrlə işləyən əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov pandemiyanın azalması fonunda ölkəyə gələn əcnəbilərin sayında artımın baş verdiyini və digər bölgələrlə yanaşı Gəncədə də bu tendensiyanın müşahidə olunduğunu bildirib. Qeyd olunub ki, miqrasiya idarəçiliyinin effektivliyi həm siyasi müstəvidə mövcud olan amillərdən, həm də bu prosesdə iştirak edən maraqları tərəflərin fəallığından asılıdır. Lakin bu fəallığın səmərəliliyi ictimai təşəbbüslərin həyata keçirilməsi üçün istəyin olması ilə yanaşı, həm də bu kimi fəaliyyətlərin icrasında maraqlı olan qeyri-hökumət təşkilatlarının təcrübəsi, müvafiq bilik və bacarığı, yeni çağırışların tələblərinə cavab verən resurs və imkanlarla bağlıdır. Bu səbəbdən bölgələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının həmin indikatorlar üzrə institusional potensiallarının artırılması günün tələbədir.
“Təmas” Regional İnkişaf İctimai Birliyinin sədri Südabə Məmmədova təmsil etdiyi təşkilatın xətti ilə miqrasiya sahəsində həyata keçirilən layihələr və bu sahədə ixtisaslaşan beynəlxalq təşkilatlarla əməkdaşlıqları barədə məlumat verib, miqrasiya sahəsində maraqlı tərəflərlə əlaqələrin inkişaf etdirilməsi zərurəti haqqında danışıb. QHT təmsilçisi bununla yanaşı həm də miqrasiya proseslərində iştirak edən ölkə vətəndaşlarının xaricdə olarkən üzləşdikləri çətinliklər və qarşılaşdıqları təhlükələr barədə məlumat verib.
Gəncə 1 saylı Mediasiya Təşkilatının təsisçilərindən Kübra Ələkbərova hazırda miqrantların hüquqlarının təmin olunması məqsədilə həyata keçirdikləri fəaliyyətlərdən danışıb.
“Gəncə Maarif Evi” İctimai Birliyinin sədri İmamverdi Vəliyev xarici ölkələrə səfər edən şəxslərin getdiyi ölkələrin miqrasiya qanunları barədə məlumatlı olmasının vacibliyi, Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin sədri Mehman Xəlilov bölgə qeyri-hökumət təşkilatlarının icra etdikləri layihələrin əlaqələndirilməsi və bu prosesdə onlara təşkilati dəstəyin göstərilməsi, Delege Gəncə Ofisinin təmsilçisi Elmira İsmayılova son illər bölgələrdə vətəndaş cəmiyyəti sahəsində həyata keçirilən quruculuq işləri barədə danışıblar.
Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev və Gəncə Regional Miqrasiya İdarəsinin rəisi Orxan Xıdırov qaldırılan məsələlərə münasibət bildirib, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə dair gələcək fəaliyyətlər barədə məlumat veriblər.
Bölgə QHT-lərinin miqrasiya sahəsində potensiallarının artırılmasına ehtiyacın olduğunu vurğulayan tədbir iştirakçıları bu sahədə bir sıra təkliflərlə çıxıb ediblər.