Bazarlarda bahalaşma nə qədər davam edəcək?
Yaz və yay ayları bazarda canlanma müşahidə olunur. Xüsusilə də meyvə tərəvəz bazarında. Lakin hazırda qiymətlər əl yandırır. Bahalaşmanın səbəbi nədir? Araşdırma etmək qərarına gəldik. Demokrat.az-ın araşdırmasına əsasən, Şəmkir pomidorunun qiyməti 4 manat, Qazax pomidorunun qiyməti isə 3 manatdır. Buna görə də bazarlarda alıcılıq qabilliyəti zəifdir.
Satıcılar qiymətlə bağlı suallara belə cavab verdilər:
“Alçanın kilosu 7 manatdan tutmuş 12 manata qədərdir. Çiyələk də qardaşım 5 manatdan tutmuş 10 manata kimi. Hər birinin keyfiyyətindən asılıdır. Şəmkirdən gəlir deyə bir az baha başa gəlir. Həm dadlı, həm ətirlidir, çöl çiyələyidir deyə bahadır.”
“İldə bu vaxtı göyərti baha olur da. May ayında göyərti baha olur. Turpun üçünü bir manata satırıq. 15 qəpiyə özümüz almışıq, beşini bir manata satırıq.”
“Bu xiyar Zirənin xiyarıdır .Qiyməti keçən il bir manat idi, 50-60 qəpik idi. İndi olub 4-5 manat. Bu il çox bahalıqdı. Pomidor Zirə pomidorudur, bu il 4-5 manat olub kilosu, keçən il çox ucuzluq idi.”
Qiymət mövzusunda alıcılar satıcılardan daha çox gileyli və narahatdır. Davam edən Rusiya – Ukrayna müharibəsi bir sıra ərzaq məhsullarının qiymətində təsir edib. Artıq dünya bazarında buğdanın qiyməti 45%-ə yaxın bahalaşıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin ilk 4 ayında istehlak məhsullarının qiyməti 12%-dən çox artıb.
Millət vəkili Vüqar Bayramov bildirib ki, ərzaq məhsullarının qiymətində isə 17,4 faizlik bahalaşma var:
“Ərzaq məhsullarındaki qiymət artımı, xüsusən də idxal olunan məhsullarda müşahidə olunur. Çünki dünya bazarında qiymətin artması nəticədə Azərbaycana gətirilən məhsulların xərcinin artması, bu da həmin ərzaq məsullarının qiymətinin artmasına gətirib çıxardıb. Nazirlər Kabineti tərəfindən anti-inflyasiya tədbirləri hazırlanıb və təsdiq edilib. Nəzərə alsaq ki, anti-inflyasiya tədbirlərinin bir istiqaməti süni qiymət artımlarına qarşı mübarizə və süni qiymət artımlarının qarşısının alınması ilə bağlıdır. Bununla bağlı İqtisadiyyat Nazirliyi yanındakı anti-inhisar və istehlak bazarına nəzarət xidməti tərəfindən monitorinqlər aparılır.”
Süni qiymət artımının qarşısını almaq üçün sahibkarlara bir sıra güzəştlər də tətbiq olunur.
“Nazirlər kabineti tərəfindən sahibkarlara güzəştli kreditlərin verilməsi, eləcə də o cümlədən, bir sıra məhsulların idxalı zamanı güzəştlərin tətbiq edilməsi də həyata keçirilir. Məqsəd sahibkarın xərclərinin azaldılması və ölkəyə gətirilən məhsullarının xərclərini minimumlaşdırmaqdan ibarətdir. Bu konteksdən təbii ki, bu istiqamətdə işlər davam etdirilir.”
Dünya bazarında bahalaşmanın davam edəcəyi təqdirdə ölkəmizdə də artımın olacağı istisna deyil.