“Sanki Ərdoğandan çox bilirlər…” – Natiq Cəfərli
“Ərdoğan və ya Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə veto qoymayıb, çünki VETO səsvermə zamanı tədbiq edilən prosedurdur, hələ səsvermə olmayıb ki, VETO da qoyula. Bu iki ölkə hələ rəsmən NATO-ya müraciət etməyib, sadəcə hər iki ölkədə daxili qaydalara uyğun olarq NATO-ya üzvlüklə bağlı müraciətə qərar verilib.
Hələ müraciətə baxılacaq, prosedurlar müəyyən olunacaq, səsvermə olacaq, bir tək o zaman üzv ölkələr öz VETO hüququndan istifadə edə bilərlər. Türkiyənin indiki tutumu sadəcə siyasi davranışdır, doğru edir, düzgün qərar verir, NATO və AB ilə aralarında olan bəzi problemləri həll etməyə çalışır, öz dövlət maraqlarından çıxış edir. Rəsmi Ankaranın bu günə olan açıqlamasının tərcüməsi odur ki, bizim istəklərimizi nəzərə alın, PKK məsələsi sadəcə görünən tərəfdir, məncə əsas məsələ “S-400” söhbətinin birdəfəlik bağlanması, F-35 və “Patriot” raketləri ilə bağlı məsələnin həllidir. Türkiyə F-35-lərin istehsalında iştirak edirdi, bu tək biznes, pul məsələsi deyildi, həm də texnologiyalara çıxış imkanı verirdi. NATO çox səhv olaraq Türkiyəni o proqramdan çıxartdı, indi geri qaytarılması müzakirə edilir”.
Demokrat.az xəbər verir ki, bunu ekspert Natiq Cəfərli bildirib.
“Sosial şəbəkələrdə, mediada həyatı boyu 3 nəfərlik də olsa bir kollektivi idarə etməmiş şəxslər bəzən böyük siyasət, dövlət idarəetməsi haqqında elə əcaib, bayağı şərhlər yazırlar/deyirlər ki, insanı gülmək tutur. Sanki Ərdoğandan, Türkiyədən çox bilirlər, ona 1000 irad bildirmək, idioloji duruşu ilə razılaşmamaq olar, amma təcrübəsinə söz yoxdur axı. Bəlkə elə Rusiya ilə də siyasi alver edir, bəlkə elə Qarabağ məsələsi də masadadır, bəlkə bizə həmişəki kimi kömək və dəstək göstərir?! Bəlkə NATO ilə siyasi alverin içində biz də varıq?! Bilmirik, amma hər şey ola bilər, ona görə də, siyasətçilər, dövlət adamları haqqında fikir bildirərkən ayarı qaçırmamaq lazımdır. Əsl siyasətçi, dövlət adamı ilk əvvəl öz ölkəsinin, xalqının maraqları haqqında düşünərək davranmalıdır…” – N.Cəfərli qeyd edib.