GündəmİqtisadiyyatManşetSiyasətXəbər xətti

“Bəzi sığorta şirkətləri vəzifə borclarını oyuncağa çevirib” – DEPUTAT

“Azərbaycanda fəaliyyət göstərən bir çox sığorta şirkətləri var ki, kobud formada qanunları pozur”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Rüfət Quliyev deyib. Deputat bildirib ki, ölkəmizdə mövcud olan sığorta şirkətlərinin bir qismi öz vəzifə borclarını sadəcə oyuncağa çevirib:

“Bizə sığorta şirkətlərinin vətəndaşlarımızı incitdiyinə dair çoxlu şikayətlər daxil olur. Yalnız onu deyə bilərm ki, həmin şirkətlər öz fəaliyyət borclarını yerinə yetirməkdə maraqlı deyillər və vəzifələrini oyuncağa çeviriblər. Şəxsən bir neçə ay bundan öncə belə bir problemlərlə üz-üzə gəlmişəm, bir çox vətəndaşlarımız buna dair mənə müraciət ediblər. Düzdür, bu şikayətləri, narazılıqları həmin şirkətlərin rəhbərliyinin diqqətinə çatdırmışam, amma hər dəfə də millət vəkilləri belə məsələlərə qarışa bilmir”. 

Millət vəkili qeyd edib ki, Azərbaycanda kifayət qədər sığorta şirkətləri rəqabət şəraitində çalışır: 

“Ölkəmizdə bir çox sığorta şirkətləri var ki, özü bazar iqtisadiyyatı şəraitində işləyir. Onlar çalışırlar ki, müştərilərini özlərinə inandırsınlar. Ancaq əfsuslar olsun ki, bir çox vaxtı bunlar insanları bezdirirlər. Yəni, vətəndaşları çox get-gələ salırlar. O sənədi gətit, o arayışı gətir və sonda sığorta olunan məbləğlə əlaqədar yenə də bəzi problemlər başlayır. Mən düşünürəm ki, konkret formada insanlar Milli Məclisə bu məsələlərlə bağlı müraciətlər etsinlər, hətta mənə də yaza bilərlər. Biz də bu məsələləri geniş işıqlandıraq ki, belə məsələlər tez bir zamanda müsbət həllini tapsın. Ancaq, bu, o demək deyil ki, bütün sığorta şirkətləri belə işləyir. Ölkəmizdə düzgün və qayda-qanunla işləyən sığorta şirkətləri də az deyil”.

Deputat xarici ölkələrdəki sığorta şirkətlərinin fəaliyyətinə də diqqət çəkib:

“Düzdür, xarici ölkələrin də sığorta şirkətlərinin işində müəyyən mürakkəblik var, amma əksəriyyəti saat kimi işləyir. Hətta, səhranın ortasında maşının xarab olsa belə, siz sığorta şirkətinə zəng vurursunuz və onlar gəlib, hər bir məsələni özləri edirlər. Yəni, orada biraz oturuşmuş sistem var. Düzdür, son illər bu formalaşma bizdə də sürətlə gedir, amma xarici ölkələrdə sığorta hadisəsini daha keyfiyyətli və vaxtında edirlər”.