Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş konfrans keçirilib
Mayın 9-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda konfrans keçirilib. Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Gənclər Fondu və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən konfrans iştirakçıları ilk olaraq Fəxri Xiyabanı ziyarət edərək ulu öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Daha sonra Heydər Əliyev Muzeyi ilə tanış olan iştirakçılara ulu öndərin siyasi fəaliyyəti, zəngin irsi barədə geniş məlumat verilib.
Ölkəmizdə fəaliyyət göstərən gənclər və könüllü təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən konfrans ulu öndərin həyat və fəaliyyətindən bəhs edən “Böyük ömrün anları” filminin nümayişi ilə davam edib.
Tədbirdə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru İlham Məmmədzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov, Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və təbliği departamentinin Heydər Əliyev Muzeyi şöbəsinin müdiri Rəna Məmmədova və “Regional İnkişaf” İctimai Birliyinin Layihələr və könüllülərlə iş şöbəsinin müdiri Hüseyn Abdullayevin çıxışları dinlənilib.
Çıxışlarda bildirildi ki, ölkəmizdə gənclər siyasətinin əsasının qoyulması ulu öndərin adı ilə bağlıdır. Ümummilli liderin bilavasitə rəhbərliyi altında müstəqil Azərbaycanda gənclər siyasəti hər gəncin vətənpərvərlik, dövlətçilik prinsipləri əsasında, xalqımızın tarixinə, mədəni irsinə, milli-mənəvi, eyni zamanda ümumbəşəri dəyərlərə hörmət ruhunda yetişməsi, cəmiyyətin ictimai-siyasi və sosial-iqtisadi həyatında fəal iştirakının təmin edilməsi, intellektual və yaradıcılıq potensialının artırılması kimi vacib məsələləri özündə ehtiva edir. Ümummilli liderin gənclərlə iş sahəsində qəbul etdiyi dövlət proqramları, imzaladığı fərman və sərəncamlar gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakını günü-gündən artırmış, onların gələcək inkişafı üçün geniş imkanlar açmışdır. Həmçinin diqqətə çatdırıldı ki, Ümummilli liderin siyasi kursunu müasir dövrün tələblərinə uyğun olaraq layiqincə davam və inkişaf etdirən cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Azərbaycanda dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin ictimai-siyasi həyatda və dövlət idarəçiliyində məsul vəzifələrdə iştirakını təmin etmək, onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə ölkə rəhbərliyi bütün lazımi tədbirlər həyata keçirilir. Məhz gənclərə göstərilən yüksək diqqət və qayğı nəticəsində bu gün ölkədə bilikli, bacarıqlı, geniş dünyagörüşlü, vətənpərvər, xalqına, dövlətinə bağlı gənclər ordusu yetişib. Ali Baş Komandanın da qeyd etdiyi kimi, məhz həmin gənclər 44 günlük Vətən müharibəsində Böyük zəfər qazanaraq, torpaqlarımızı düşmən işğalından azad etdilər. Azərbaycanın gücünü, Azərbaycan gəncinin nəyə qadir olduğunu, birlik və bərabərliyini dünyaya nümayiş etdirdilər. Bütün bunlar ölkədə düzgün həyata keçirilən gənclər siyasətinin məntiqi, uğurlu nəticəsidir.
Çıxışçılarda həmçinin, ölkəmizin parlaq gələcəyi naminə gənclərin ulu öndərin və cənab Prezidentin siyasi kursuna sadiq qalaraq, onlar üçün yaradılan imkanlardan yararlanaraq özlərini inkişaf etdirməyə, Ümummilli lider Heydər Əliyevin zəngin irsinin, dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, tədqiqi və geniş təbliği, ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri və digər milli-mənəvi dəyərlərinin ölkəmizdə və xaricdə tanıdılması, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və digər sahələrdə layihələrin həyata keçirilməsində təşəbbüskarlığın artırılması, bu istiqamətdə ölkəmizdə fəaliyyət göstərən bütün gənclər və könüllü təşkilatları birgə səylərin artırılmasına çağırdılar.