Qulu Məhərrəmli: “Televiziyanın rəhbəri, baş redaktor, prodüser nədən ötrüdür?!”
ARB-nin dünən canlı yayımlanan “Xəbər-ətər” proqramında aparıcı Zümrüd Bədəlovanın sualı gündəm olub.
Milli istiqlal şairimiz Əhməd Cavadın 130 illik yubileyi çərçivəsində təşkil olunan proqramın qonağı onun nəvəsi Anar Axundzadə olub.
Aparıcı Anar Axundzadəyə “Babanızı görmüsünüzmü?” sualını ünvanlayıb. O isə təəccübünü gizlədə bilməyib və “Babam 37-ci ildə güllələnib” deyib.
Aparıcının məlumatsızlığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı tanınmış journalist, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli öz fikirlərini Demokrat.az-la bölüşüb.
“Peşəkar jurnalist bilir ki, veriliş hazırlamaq, qonaq dəvət edib müsahibə aparmaq üçün xüsusi hazırlıq lazımdır. Hazırlıq o mənada ki, mövzunu bilməlisən, dəvət ediyin adamı bilməlisən, predmeti dərindən bilməlisən, verəcəyin sualları tezis kimi hazırlamalısan. Bu qaydalara əməl etməyəndə, əlbəttə ki, belə biabırçı situasiyalar ortaya çıxır. Peşəkarlıq odur ki, qaydaları biləsən. Deyirlər ki, cəza verilsin. Hansısa jurnalistə cəza verilməsini tərəfdarı deyiləm. Çünki, bəlkə bu, təsadüfi, mexaniki səhvdir? Amma bu səhvdən sonra o aparıcı ən azından bir az oxumalı, məlumatlanmalıdır. İnternet var, məlumat almaq üçün o qədər mənbə var! Belə səhv etmək ayıbdır. Hansısa bir şura yaratmaq istəyirlər. Amma düşünürəm ki, bunlra artıq işlərdir, vaxt itkisidir. Şura olacaqsa, o televiziyanın rəhəri, yaradıcılıq departamentinin rəhbəri, baş redaktor, prodüser – bunlar nədən ötrüdür? Bunlar ondan ötrüdür ki, efirə normal aparıcı çıxarsınlar. Bir az ciddi, bir az tələbkar, peşəkar yanaşmaq lazımdır. Bizə insanlar baxır, bizdən öyrənirlər. Pis nümunə olmamalıyıq.”