10-15 milyona İdman Kompleksləri tikiblər, heç nəyə yaramır – Aqil Abbas
“Rayonlarda 10-15 milyona Olimpiya İdman Kompleksləri tikilib, amma heç bir nəticə yoxdur. O komplekslərdə indiyə kimi nə güləşçi, nə boksçu, nə də bir futbolçu yetişib”.Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Aqil Abbas deyib.
Onun sözlərinə görə, idmanın, ilk növbədə regionlarda idmanın, xüsusən də futbolun inkişafı üçün şərait yaratmaq lazımdır:
“İndi bölgə futbolunun inkişafına maraq artıb. Regional yarışlar da keçirilir. İki regional komandanı Premyer Ligaya buraxıblar. Eyni zamanda I Diviziona buraxılan komandalar da var. Artıq müəyyən tədbirlər görülür. Amma ümumilikdə respublikada futbola maraq azdır.
Dövlət futbola kifayət qədər pul ayırır, proqram qəbul edir. Lakin dövlətin o proqramını yerinə yetirənlər bunu tam həyata keçirə bilmirlər. “Turan-Tovuz” və “Kəpəz”in Premyer Liqaya gəlməsi bölgə futboluna diqqətdir. Lakin bu bizim ürəyimiz istədiyi kimi deyil. Əsas problem odur ki, bütün rayonlarda 10-15 milyona Olimpiya Kompleksləri tikilib. Amma indiyə kimi nə bir güləşçi, nə bir boksçu, nə də bir futbolçu verib. O cümlədən onların hamısında stadion var. Gözəl binalar tikilib, qalıb orada…”.
A.Abbas “Xan Lənkəran”nın I Diviziona buraxılmamasına da münasibət bildirib:
“Mən də istəyərəm ki, cənub bölgəsində Xan Lənkəran I Diviziona daxil olsun. Amma müəyyən şərtlər var ki, gərək, onları yerinə yetirsinlər. Futbol təkcə Azərbaycandan asılı deyil. UEFA-nın öz şərtləri var. O şərtlərə gərək, əməl edilsin. Yəni, maddi imkandan, bankdakı hesaba, komandanın saxlamasına qədər çoxlu şərtlər mövcuddur. O şərtləri AFFA qoymayıb, UEFA qoyub. Ona görə də Yüksək Liqada çox komanda iştirak edə bilmir”.
Millət vəkili hesab edir ki, futbolun ölkəmizdə inkişafı üçün uşaq futbol akademiyaları yaradılmalıdır:
“Öncə uşaq futbolu inkişaf etməli, akademiyalar açılamalıdır. Azərbaycanda bu istiqamətdə “Qəbələ”, “Qarabağ” və “Neftçi”nin də akademiyası mövcuddur. Yəni, uşaq futbol akademiyaları ilə yanaşı, hər komandanın öz akademiyası olmalıdır ki, futbolçu yetişdirə bilsinlər.
Onların üzərində işləmək üçün məşqçilər lazımdır. Bir sözlə, uşaq futbolu və region futbolunu inkişafına diqqət artırılmalıdır. AFFA rayonlarda uşaqlara 500 top, idman forması paylayır. Dəfələrlə özüm də iştirak etmişəm. Lakin bununla iş bitmir.
Futbola baxmaq üçün dəfələrlə Lənkərana, Qəbələyə, Gəncəyə, Masallıya getmişəm. Azarkeşlər də çox gəlir. Çünki regionlarda futbola maraq var. Bir qədər dəstək olmaq lazımdır. Cənub bölgəsində, Tovuzda, Gəncədə də futbola maraq yüksəkdir. Rayonlarda insanların sevdiyi idman növü daha çox futboldur. İdmanın bütün sahələri gəncləri pis vərdişlərdən qoruyur”.