Erməni lobbisinin etirafı hərbi tribunala siqnaldır – DEPUTAT
ABŞ-dakı radikal erməni lobbisinin təhriki ilə Kaliforniya Ştat Senatında keçirilən, Sumqayıt hadisələrinin 30-cu ildönümünə həsr olunmuş dinləmələrdə erməni lobbisinin rəhbərlərindən birinin Xocalı soyqırımı ilə bağlı etirafı beynəlxalq ictimaiyyət üçün ciddi bir siqnaldır ki, Ermənistanla bağlı artıq hərbi tribunal yaradılsın.Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, dinləmələrin ardınca Kaliforniyada yaşayan Azərbaycan icmasının gənc üzvləri sərt çıxışlar edərək, dinləmələr zamanı səsləndirilən yalan məlumatları ifşa ediblər:
“Onlar həm senatorları, həm də çıxış edən erməni lobbisinin nümayəndəsini çətin vəziyyətdə qoyub, Sumqayıt hadisələrinə toxunulduğu halda niyə heç bir yerdə Xocalı faciəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş bir milyondan artıq qaçqın və məcburi köçkün haqqında bəhs edilmədiyi, nəyə görə Azərbaycan icmasından heç kimin çıxış üçün dəvət olunmadığı və məsələlərə birtərəfli yanaşılması ilə bağlı suallar ünvanlayıblar”.
Deputat vurğulayıb ki, bu ciddi arqumentlər qarşısında ermənipərəst senatorlar və erməni lobbisinin nümayəndələri çox cıxılmaz vəziyyətə düşüblər:
“Həmin çıxılmaz vəziyyətin təsiri altında Amerika Erməni Assambleyasının ABŞ-ın Qərb regionu üzrə direktoru Mihran Tumacan söylədiyi fikirlərlə erməni yalanlarını etiraf edib. İndiyə qədər müxtəlif yollarla həm Ermənistan rəhbərliyi, həm də onların havadarları göstərməyə çalışıblar ki, Xocalı faciəsində Ermənistanın əli olmayıb, Ermənistan bu faciədə iştirak etməyib və s. Ancaq bu dəfə erməni lobbisinin əsas simalarından biri etiraf etməli olub ki, Xocalı soyqırımını məhz Ermənistan həyata keçirib. O, “biz dəhliz yaratdıq ki, Xocalıdan insanlar çıxsın, amma onların bir qismi çıxdı, bir qismi də çıxmadı və ona görə də belə bir faciə yaşanıb” deməklə əslində etiraf edir ki, erməni silahlı qüvvələri Xocalıda bu soyqırımı törədiblər. Bu etiraf olduqca vacib məsələdir. Bu gün ABŞ-dakı erməni lobbisinin ayrı-ayrı nümayəndələri bu soyqırımı törətdiklərini etiraf edirlərsə, deməli, bunun ardınca beynəlxalq birlik bu məsələ ilə bağlı öz konkret mövqeyini ortaya qoymalıdır. Hesab edirəm ki, bu, beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar üçün ciddi bir siqnaldır ki, Ermənistanla bağlı artıq hərbi tribunal yaradılsın”.