“Xalq cəbhəsi” qəzetinin və eyni adlı media qrupunun redaksiyasında Medianın İnkişafı Agentliyinin media subyektlərinə göndərdiyi, ölkə qanunvericiliyi və beynəlxalq təcrübə əsasında hazırlanmış “Redaksiya siyasəti və peşə etikası qaydaları” ilə bağlı nümunənin müzakirəsi keçirilib. Qeyd olunub ki, Agentliyin təşəbbüsü medianın özünütənzimləmə mexanizmlərinin gücləndirilməsinə, redaksiyaların və jurnalistlərin ölkə Konstitusiyasının, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın, eləcə də bu hüquq və azadlıqların qorunmasına təminat verən daxili qanunvericiliyin tələblərinə uyğun olaraq, məsuliyyətinin artırılmasına xidmət edir. Qərara alınıb ki, Medianın İnkişafı Agentliyinin nümunə xarakterli mətni əsas götürülməklə, “Xalq cəbhəsi” qəzeti redaksiyasının və eyni adlı media qrupunun “Redaksiya siyasəti və peşə etikası qaydaları”nın hazırlanması üçün işçi qrupu yaradılsın.