“Məmurun hərəkəti həm mənəvi, həm də hüquqi məsuliyyət yaradır” – Millət vəkili
Məmurun hərəkəti hansı səbəbdən olursa-olsun həm mənəvi, həm də hüquqi baxımdan məsuliyyət yaradır. Qınayanlara da haqq qazandırıram.
Bunu Milli Məclisin deputatı Fazil Mustafa Bakıda “Lexus” markalı, 10 VX 707 dövlət nişanlı avtomobilin sürücüsünün motosiklet sürücüsünü vurmasını və təhqir etməsini əks etdirən görüntülərlə bağlı bildirib.
Deputat deyib ki, bəzi sosial şəbəkə istifadəçiləri təkcə yekəxanaları, insanlara qarşı sayğısız davrananları söymürlər:
“Öz ideoloji baxışlarına uyğun gəlməyənləri də söyürlər, qınayırlar. Tutaq ki, fikir deyirsən, indiki təhsil modeli ilə yanaşı ayrıca özəl qızlar məktəbi açılsa yaxşı olar. Yəni təhsil almayan qız övladı qalmaz. Adam razılaşıb-razılaşmamaq haqqına sahibdir, ancaq bu fikrə görə də təhqir yazır. Yəni demək istəyirəm ki, qudurğanlıq, tərbiyəsizlik kasıba, varlıya baxmır. Elə yoxsul tanıyıram ki, yaxşı ki, əlinə pul düşməyib, bütün çevrəsini narkoman edərdi. Bir də minlərlə xeyriyyə işi görən varlıları da yada salın”.
Parlamentarinin sözlərinə görə, bölgünü varlı-kasıb üzərindən aparsaq, yanlış nəticəyə vararıq:
“İki kateqoriya insan var: sağlam düşüncəli və xəstə düşüncəli. Bir çox hallarda insan naqisliyini, yaxud da comərdliyini üzə çıxaracaq mühit olmur. Hər bir halda cəmiyyətimizdə insanların bir-birinə qarşı aqressiyasının azalması çox vacibdir. Milli auramızı hədsiz toz-tozanaqlı göstərir”.