Minalarla bağlı növbəti tədbir keçirilib
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi “Füzuli, Tər-tər və Qazax rayonlarında yaşayan mina qurbanlarına və onların ailələrinə kiçik biznesin yaradılması” adlı layihəsi üzrə növbəti tədbirini həyata keçirmişdir. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.
20 aprel 2022-ci il tarixdə Tər-tər rayonu Ələsgərli kəndində rayon İcra hakimiyyətinin, şəhid ailələrinin, qazilərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə bu kəndin sakini, qazi Anar İsmayılovun kiçik biznesə cəlb edilməsilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə layihə rəhbəri Hafiz Səfixanov bildirib ki, bu layihənin məqsədi mina qurbanlarını və onların ailə üzvlərini kiçik biznes sahəsinə cəlb edərək iqtisadi problemlərinin həll olunmasına, cəmiyyətin tamhüquqlu üzvünə çevrilməsinə və onların ailə üzvləri ilə birlikdə ləyaqətlə yaşamasına nail olmaqdan ibarətdir. Bu məqsədlə də Tər-tər rayonu Ələsgərli kəndində yaşayan mina qurbanı İsmayılov Anar Abbas oğluna onun özünün istəyi ilə 1 ədəd südlük inək alınıb təhvil verilmişdir.
Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin nümayəndəsi, qazilər, Ələsgərli kənd orta məktəbinin müəllimləri və digər şəxslər belə layihələrin vacibliyini bildirdilər və layihənin donoru olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür etdilər.