AzMİU-nun məzunu dünyanın 3 nüfuzlu universitetinə qəbul olub
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin IV kurs tələbəsi Murad Mir-Zadə magistratura təhsili almaq üçün dünyanın 3 ən nüfuzlu universitetinə qəbul olunub. O, xüsusi komissiya tərəfindən yoxlama və müsahibələrdən keçərək Böyük Britaniyanın ən aparıcı universitetlərinə daxil olub. Murad eyni vaxtda Mançester Memarlıq Məktəbi, Uels Memarlıq Məktəbi və Stratklayd Universitetində magistratura təhsili alacaq.
Bu barədə Aktor.Az-a AzMİU-dan bildirilib. Mançester Memarlıq Məktəbinin fəaliyyəti Mançester Universiteti ilə Mançester Metropolitan Universiteti arasında innovativ əməkdaşlığa əsaslanır. Hazırda bu akademik məktəb QS 2022 Memarlıq reytinqində dünyada 7-ci yerdədir. Məhz bu ali məktəbdən Norman Foster, Stefen Hodder və digər görkəmli memarlar məzun olublar.
Uels Memarlıq Məktəbi Kardiff Universitetinin akademik məktəbidir. O, dünyanın ən aparıcı memarlıq məktəblərindən və Britaniyanın ən yaxşı memarlıq məktəblərindən biri kimi qəbul edilir. Uels Memarlıq Məktəbi hazırda “The Guardian Rankings” tərəfindən Böyük Britaniyada 3-cü, tam universitet bələdçisinə görə 5-ci, QS Subject reytinqinə görə isə İngiltərədə 5-ci yerdədir.
Stratklayd Universiteti isə Şotlandiyada yerləşir, qəbul zamanı yüksək tələblərinə görə Stratklayd Böyük Britaniyanın ən çətin 5 universitetindən biri hesab olunur. Murad bu universitetə qəbul olmaqla yanaşı, 15 faiz təqaüd əldə edib, eyni zamanda, dekanın xüsusi təqaüdünə nominant göstərilib.
Qeyd edək ki, qəbul meyarları arasında Muradın peşəkar portfoliosu, xarici dil biliyi, ictimai fəaliyyəti və yüksək təhsil göstəriciləri ilə yanaşı, həm də onun bakalavr təhsilinin RIBA Part 1 (Britaniya Memarlarının Kral İnstitutu) tərəfindən akkreditasiyadan keçməsi əsas götürülüb. Xatırladaq ki, AzMİU-nun Memarlıq fakültəsi 2019-cu ilin sonunda RIBA-nın bakalavr təhsili üzrə 5 illik akkreditasiyasını alıb.