“Biri Mağara tv açıb, digəri Nağara tv açıb, Azərbaycandan…” – Fazil Mustafa
Əvvəl Azərbaycan vətənşüvənləri bolluğuydu. İndi də ukraynaşüvənlər, rusiyaşüvənlər, qərbşüvənlər, iranşüvənlər yağışdan çıxmış göbələk kimi artmağa başlayır. Biri Mağara tv açıb, digəri Nağara tv açıb, Azərbaycandan başqa hamının dərdini özlərinə yükləyiblər. Az qala Rusiyanın üstünə çığırırlar ki, niyə bizimlə deyil, gedib Ukrayna ilə savaşırsan. Azərbaycan dövləti Ukraynaya humanitar dəstək verir, yenə də narazıdırlar ki, niyə ordunu köməyə göndərmirsən? İndi soruşurlar ki, Ukrayna və ya Rusiya tərəfdən savaşa qatılan Azərbaycan vətəndaşlarına qanununvericiliyin münasibəti necə olacaq, bir hüquqşünas kimi sadəcə qanunvericiliyi izah edirsən, baxırsan ki, bu danabaşlar hər tərəfdən doluşdular: bəs deputat Ukraynada savaşanları cinayətkar adlandırdı. Bir yandan Mağara tv, digər yandan Nağara tv özləri üçün çal-çağır düzəldirlər ki, bəs Fazil Mustafa Ukraynada savaşanların həbs olunmasını istəyir. Əziz, ayrılmaz və əhəmiyyətli hissəmiz olan milli danabaşlar! Qanunu olduğu kimi şərh etmək kiminsə həbs olunmasını istəmək, yaxud da Ukraynaya qarşı olmaq deyil. Qanunvericilikdə İran, Suriya, Ukrayna, Əfqanıstan, Rusiya adı keçmir, sadəcə yazılır ki, başqa ölkələrdə qanunsuz silahlı birləşmələrdə savaşa qatılanlar cinayət məsuliyyətinə cəlb olunurlar. Bu yalnız Azərbaycan vətəndaşı olan şəxslərə aiddir. Ukrayna vətəndaşı olan azərbaycanlılara aid deyil. Bir də gələcəkdə bu şəxslər məsuliyyətə cəlb olunarsa, yenə də onların ilk müdafiəçisi biz olacağıq. Çünki Ukraynanın müstəqilliyinin qorunmasına, işğaldan qurtulmasına baxışımız hər kəsə bəllidir.Digər yandan başlayıb gömrük orqanlarımızı ittiham edirlər ki, bəs Ukraynaya məxsus yük maşınları 800 manat cərimə olunub. Dövlət orqanı açıqlama verir ki, qanunun tələblərinə uyğun davranılıb, cərimə tətbiq olunmayıb, yenə də bu şüvənlər Azərbaycan əleyhinə xəbər olsun deyə öz kompaniyalarnı davam etdirirlər. Soruşan yoxdur ki, Azərbaycan dövləti Ukraynaya hunanitar yardım edirsə, hansısa dövlət qurumu niyə Ukrayna maşınlarına maneçilik yaratmalıdır ki? Əziz danabaşlarımız, ukraynaşüvənlərimiz, rusiyaşüvənlərimiz, qərbşüvnlərimiz, iranşüvənlərimiz, bir az imkan tanıyın Fərruxdan irəli addımlayaq, Ağdərədə yeni postlarımızı quraq, Laçında gedib oturaq, Zəngəzur yolunun təməlini ataq. Bilirəm, hamınız qlobal dünya ilə uğraşırsınız, qafanız və ruhunuz oralarda gəzişir, burada da heç olmazsa Azərbaycansevərlərə imkan tanıyın mümkün olanı dünyanın başının qarışdığı zamanda etsinlər. Maraqlı burasındadır ki, özünü ağıllı göstərənlərin çoxu da bu anlaqsız yolu izləmək üçün yarışırlar. Yenə də əvvəl söylədiyim fikri təkrarlamaq istəyirəm: Azərbaycanda nə 4-cü, nə 5-ci, nə də 6-cı kolon təhlükəsi var. Təhlükəli olan təəssüf ki, kolon sayında deyil, ordudur, ordu. Cahillər Ordusu! Vətənşüvənlər Ordusu! Bunların bizi iki il öncəki nöqtəyə qaytarmaması üçün hər gün dua edirəm.
Fazil Mustafa, Millət vəkili