FotoQHT AgentliyiVətəndaş cəmiyyətiXəbər xətti

“Sağlam gənclik, sağlam gələcək deməkdir!” devizi altında tədbir keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Təhlükəli yoluxucu xəstəliklərin profilaktikası məqsədilə ictimai maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib.

Tədbirdə ilk öncə Qarabağ müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bakı Gənclər Mərkəzinin direktor müavini Günay Talıbova “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nin gəncləri maarifləndirmək məqsədilə həyata keçirdiyi layihənin vacibliyini vurğulayıb.

Təşkilatın sədri, layihə rəhbəri Ziba Nəbiyeva öncə tədbirin keçirilməsi üçün yaradılan şəraitə və imkanlara görə tərəfdaş qurum olan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin rəhbərliyinə və Bakı Gənclər Mərkəzinin heyətinə minnətdarlığını bildirib.

Təşkilatın fəaliyyəti haqqında məlumat verdikdən sonra, layihənin mövzusu ilə bağlı Ziba Nəbiyeva bir sıra təhlükəli xəstəliklər barədə məlumatlı olmağın vacibliyini qeyd edib: “Məsələn, viral hepatitlər əsasən də hepatit B, D, C təhlükəli yoluxucu xəstəliklər sayılır. Viral hepatitlərin təhlükə mənbəyi əksər halda xəstəliyin xroniki formasının uzun illər simptomsuz formada və ya zəif simptomlarla keçməsidir. Belə olduğu halda xəstəliyi, həm də yoluxma hallarını nəzarət altında saxlamaq çətinləşir. Zamanında müalicə olunmadıqda isə xroniki viral hepatitlər qaraciyər sirrozu və xərçənginin yaranmasına səbəb ola bilir.

Nəinki viral hepatitlər, vərəm və QİÇS kimi digər təhlükəli yoluxucu xəstəliklərdən qorunmağın əsas yolu önləyici profilaktik tədbirlərin keçirilməsi və müvafiq məlumatlandırmanın aparılmasıdır. Bu baxımdan bugünkü tədbirin əsas məqsədi gənclərimizi sağlam gələcəkləri naminə bilgilərlə silahlandırmaqdır”.

Layihə rəhbəri Ziba Nəbiyeva elektron təqdimat vasitəsilə gənclərə viral hepatitlərin növləri və onların kəşfolunma tarixçələri, xəstəliyin əlamətləri, kliniki gedişatı, yoluxma yolları, xəstəlikdən qorunma qaydaları, profilaktik qabaqlayıcı tədbirlər barədə geniş məlumatlar və tövsiyələr verib.

Deyilənlərlə bağlı animasiya çarxları nümayiş olunub.

Vərəm xəstəliyi barədə isə gənclərə həkim, ekspert Samirə Muxtarova danışıb. O, hava-damcı yolu ilə yayılan bu xəstəliyin əsas aspektləri barədə ətraflı məlumat verib.

İnteraktiv şəkildə aparılan tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.

Tədbirin sonunda gənclərə mövzu ila bağlı bukletlər, COVID-19 infeksiyasının profilaktikası məqsədilə tibbi və gigiyenik vasitələr paylanıb.

Gənclər arasında profilaktik tədbirlərin əhatə dairəsini genişləndirmək, maarifləndirmənin davamlılığını təmin etmək məqsədilə Bakı Gənclər Mərkəzinə xüsusi dizaynla hazırlanmış, viruslu hepatitlərin yoluxma yolları əks olunan divar lövhəsi, həmçinin bukletlər, tibbi və gigiyenik vasitələr də təqdim olunub.

Ümumilikdə, Bakı Gənclər Mərkəzində keçirilən tədbirdən 50 nəfərdən çox gənc bəhrələnib.

Qeyd edək ki, layihə çərçivəsində ilk tədbir Sabunçu Gənclər Evində olub. Sonuncu tədbirin isə Suraxanı Gənclər Evində keçirilməyi nəzərdə tutulub.