TəhsilXəbər xətti

AzMİU-nun iki komandası Teknofest Azərbaycan festivalında uğurlu çıxış edərək, növbəti mərhələyə vəsiqə qazanıb

AzMİU-nun iki komandası Teknofest Azərbaycan festivalında uğurlu çıxış edərək, növbəti mərhələyə vəsiqə qazanıb

          Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnnovativ Biznes İnkubator Mərkəzinin rezidentləri olan “Kalibr” və “Bozkurt Yardım” layihələri Teknofest-2022 müsabiqəsinin birinci mərhələsini uğurla başa vurub. Universitetin müəllimi, eyni zamanda Mərkəzin əməkdaşı Ramin Əkbərovun Green Tech müsabiqəsində A kateqoriyası üzrə mentorluq etdiyi “Flusi” layihəsi də növbəti mərhələyə keçib. Komandalar ilkin mərhələdə yüksək bal toplayaraq, ölkəmizdə 26-29 may 2022-ci il tarixində baş tutacaq “TEKNOFEST Azərbaycan” festivalı çərcivəsində müsabiqənin növbəti “Video hesabat” mərhələsinə vəsiqə qazanıblar.

          Kənd təsərrüfatı texnologiyalarından yaşıl texnologiyalara, pilotsuz uçan aparatlardan model peyk yarışmasına qədər müxtəlif kateqoriyalar üzrə keçiriləcək müsabiqələrdə gənclər də öz layihələrini təqdim edəcəklər. Festivalda müxtəlif kateqoriyalar üzrə çoxlu sayda müsabiqələr keçiriləcək.

          Məlumat üçün qeyd edək ki, regionun ən böyük texnologiya festivalı ‘’TEKNOFEST” Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir. Bu il ilk dəfə olaraq Azərbaycan bu festivala ev sahibliyi edəcək. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə ərsəyə gələn ‘’TEKNOFEST’’ Aerokosmik və Texnologiya festivalında  müxtəlif kateqoriyalar üzrə 10 müsabiqə keçiriləcək.