“Hamımız bilirik ki, bələdiyyələr ölü doğulub” – Millət vəkili
“Mən əvvəllər də digər həmkarlarım kimi bələdiyyələrlə bağlı öz narahatlığımı bölüşmüşəm. Hamımız bilirik ki, bələdiyyələr ölü doğulub. Bələdiyyələr yaradılanda da məqsəd ondan ibarət olmayıb ki, mərkəzi icra hakimiyyəti orqanları öz idaretmə səlahiyyətlərini seçkili yerli hakimiyyət orqanları ilə bölüşsünlər. Məsələnin kökü bundan qaynaqlanır”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında səsləndirib.
Millət vəkili deyib: “Düşünmürəm ki, bələdiyyələr yaradılanda insanlara xidmət göstərmək, onların problemlərini həll etmək əsas məqsəd kimi qarşıya qoyulub. Ona görə ki, əgər bu məqsəd üçün yaradılsaydı oz zaman onların bu problemləri həll etmələri üçün səlahiyyətləri olmalı idi. Biz hərdən burada deyirik ki yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri bələdiyyələrə verilməlidir. Bir neçə icra başçısı mənə deyib ki, axı, bizim nə səlahiyyətimiz var ki, siz bunun bələdiyyələrə verilməsini tələb edirsiniz. Bizdə mərkəzi icra hakimiyyəti orqanları hətta rayonlarda da bütün səlahiyyətləri öz əllərində cəmləşdiriblər. Regional idarələr yaradıblar, bütün məsələlər onlar tərəfindən həll olunur. Bələdiyyələr sərnişin də daşıya bilmirlər, reklam da onların əllərindən alınıb. Xəstəxanaları, baxçaları, məktəbləri, səhiyyə müəssisələri, tikintiyə icazə vermək səlahiyyətləri yoxdur və.s. Əslində səlahiyyətlər bölüşdürülməlidir. İcra hakimiyyəti orqanları öz səlahiyyətlərini yerli seçkili yolla formaslaşan icra hakimiyyəti orqanlarına müəyyən mənada ötürməlidirlər.
Onun üçün də mütləq ölkədə islahatların aparılmasına ehtiyac var. Yəni ciddi islahatlar aparılmadan, hər il hörmətli Vilayət Zahirov (Ədliyyə nazirinin müavini – red.) gəlir və bizə eyni şeyləri deyir. Hər il biz də eyni şeyləri burada ona qarşı deyirik və heç nə də dəyişmir. Bələdiyyələr yaradılanda daha çox ona görə yaradılıb ki, Avropa təşkilatları bunu bizdən tələb edirdilər və deyirdilər ki, sizdə də seçkili yerli icra hakimiyyəti orqanları olmalıdır. Biz də bunu hakimiyyət orqanı kimi deyil, özünüidarə orqanı kimi yaratdıq. Bu da sözsüz ki, özünü doğrultmayacaqdı və doğrultur da. Ona görə də mən təklif edirəm ki, Ədliyyə Nazirliyinin təmsilçiləri də bu barədə öz fikirlərini desinlər. Həqiqətən də hökumət bu istiqamətdə ciddi islahatlara getməlidir, hətta konstitusiya islahatlarına gedilməlidir. Yoxsa hazırda bütün səlahiyyətlər, hətta rayon icra hakimiyyəti başçılarının belə səlahiyyətləri mərkəzi orqanlar tərəfindən alınıb öz nəzarətlərinə götürülüb. Məsələnin kökü bundadır”.