GündəmKÖŞƏManşetXəbər xətti

“Azərbaycanlıların adının tirajlanması fərarilərin təxribatıdır” – Ekspert

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Buça şəhərində baş verən müharibə cinayətlərində iştirakları ehtimal edilən şəxslərin, daha dəqiq desək, Rusiya ordusunun 64-cü motoatıcı briqadasının şəxsi heyətinin siyahısını açıqlayıb. Siyahıda Rusiya vətəndaşı olan və bu ölkənin ordusunda xidmət keçən özbək, qırğız, qazax, tatar, tacik, erməni və digər xalqların təmsilçiləri ilə yanaşı, Azərbaycan əsilli zabit, gizir, çavuş və sıravi əsgərlərin də adı yer alıb. Qeyd edim ki, açıqlanan siyahı 64-cü motoatıcı briqadanın şəxsi heyətinə aiddir və onların Buç şəhərində baş verən hadisələrdə iştirakını təsdiqləyən hər hansı bir fakt yoxdur. Briqadanın şəxsi heyəti 3000 nəfərdən ibarət olur, sözügedən siyahıda isə 1648 nəfərin adı yer alıb. Siyahı şəxsi heyətin briqadanın dislokasiya olunduğu ərazidəki təminatı və digər bu kimi amillərlə də bağlı ola bilər. Hərbi əməliyyatların davam etdiyi bir zaman kəsiyində bu qəbildən olan məlumatlar, bir qayda olaraq informasiya savaşının elementlərindən biri hesab olunur və əksər hallarda reallığı əks etdirmir. Digər tərəfdən, sözügedən siyahıda adı keçən şəxslər Rusiya Federasiyasının vətəndaşlarıdır, Rusiya ordusunda xidmət keçirlər və onların milli kimliyi ilə bağlı məsələnin qabardılaraq bəzi uğursuzlar və fərarilər tərəfindən tirajlanması təxribatdan başqa bir şey deyil. Məlum olduğu kimi, Ukrayna ordusunun sıralarında da bu ölkənin vətəndaşı olan azərbaycanlıların sayı kifayət qədərdir. Onların arasında Ukraynanın Milli Qəhrəmanı olanı da, yüksək dövlət mükafatları ilə təltif edilənləri də var. Və hər iki halda, bizim yanaşmamızdan asılı olmayaraq, Rusiya və Ukrayna ordusunda xidmət edən şəxslər vətəndaşı olduqları ölkənin ali baş komandanlarının əmrini yerinə yetirirlər. Əgər yazının əvvəlində haqqında söz açdığım siyahı ilə bağlı poetik-sentemental və təxribat xarakterli iddialar isrəli sürən şəxslər bunu başa düşmürlərsə, o zaman heç nəyə yaramayan başlarını siyasi müstəvidən kənara çəkib, öz işləri ilə məşğul olsunlar. 44 günlük müharibə dövründə Türkiyədə başlarını kola soxub gizlənən birilərinin qara qəpiyə dəyməyən reputasiyasını isə ictimai rəyə sırınan emosional ritorika ilə bərpa etmək mümkün olmayacaq. Əbəs yerə özlərini yormasınlar.

Elçin Mirzəbəyli, əməkdar jurnalist