“Bir də gördüz Putinə də bir Nobel mükafatı verdilər” – Ələsgər Əhmədoğlu
Ukraynanı 42 gündür qan gölünə çevirən Rusiya ordusunun Buçada sivil insanlara yönəlik qətliamı eyni ilə 20 yanvarda Bakıda, 26 Fevral Xocalıda olduğu kimi böyük vəhşilikdir. Bu siyasətin arxasında olanlar hüquq qarşısında hesabını verməlidir bu öz yerində. Mən bir az fərqli məsələyə diqqət çəkmək istəyirəm. Ukraynada, Kiyev ətrafında – Buçada törədilən vəhşilikdən sonra orada olan rus birliklərinin bir siyahısı ortaya çıxıb və bizim media və sosial media seqmenti həmin siyahıda ad-soyadı Azərbaycan ad-soyadına uyğun gələn şəxslərin adını tirajlayaraq, qaniçən, işğalçı Rusiya yönətimini və ordusunu ikinci plana ataraq, həmin cinayətlərin birbaşa məsul şəxsləri bu siyahıda olan “Azərbaycanlılar”mış kimi təqdim edir. Bu çox yanlışdır. Rusiyada yaşayan və hərbi mükəlləfiyyəti olan hər Rusiya vətəndaşı xidmətə çağırılır və harada xidmət edəcəyini heç kim özü müəyyən etmir. Yəni, işğalçı ordunun tərkibi Rusiya Federasiyasının əhali tərkibinə uyğun olaraq fərqli etnik mənsubiyyəti olanlardan formalaşıb. Bu fərqliliyindən aslı olmayaraq, işğalçı siyasət Rusiya siyasəti, işğalçı ordu isə Rusiya ordusudur. Buça qətliamının sorumlusu Rusiyanın rəsmi siyasətini formalaşdıranlar və onu can-başla icra edənlərdir. Orduda xidmət etdiyi görülən 3-5 nəfəri qabartmaq, olayın gerçək üzünü başqa yönə çevirmək, gerçəkləri örtmək olardı…Tarix hər zaman irəliyə baxmaq və getmək üçün önəmli mənbədir. 20 yanvar 1990-da İşğalçı sovet-rus ordusu Bakıya girib kütləvi qətliam törətdikdən sonra 19 aylıq hərbi vəziyyət-komendant saatı tətbiq etdi. İlk 4 ay istisna olmaqla qalan 15 ay həmin ordunun Bakı Komendantı Azərbaycanın önəmli şəxsiyyətlərindən biri, 20 yanvar qətliamına səsini ilk ucaldanlardan olan Ziya Bünyadovun oğlu Valeri Bünyadov gətirildi. V. Bünyadov atasının da uğrunda mübarizə apardığı müstəqilliyi önləmək və rus işğalını davam etdirməyə xidmət üçün bu vəzifəni seçmişdi… Onun Komendant olduğu dövrdə QKÇP kimi tarixdə xatırlanan çevriliş cəhdindən sonra 23 Avqust 1991-ci ildə xalq hərəkatının liderlərini ölümünə şil-şülküt edilməsinin canlı şahidlərindən olduğum üçün deyə bilərəm ki, fərdlərin hansı etnik kimlikdən gəlməsinin heç bir önəmi yoxdur. Hədəf sistemin özü olmalı, işğalçı sistemin çökdürülməsinə yönəlməli, bu politikanı həyata keçirənlər isə cavab verməlidir.Yenə tarixdən dərs çıxarmaq üçün bir paralel aparım. Buça qətliamının, Ukrayna işğalının memarı Putin olduğu kimi, 20 yanvar qətlimının, Bakının işğalının memarı da Qorbaçov idi. Unutmayaq, biz Qorbaçovun dünya tərəfindən cəzalandırılacağını, “hərbi tribunullara” çıxarılacağını gözlərkən məhz 1990-cı ildə Qorbaçova Nobel sülh mükafatı təqdim edildi. Yəni dünya çox da mərhəmətli yer deyil. Bir də gördüz Ukraynada yaşanan vəhşiliklərin, insanlıq dramının suçunu 5-10 Azərbaycanlı, 10-15 çeçen və s. üzərinə atıb, yekunda Putinə də bir Nobel mükafatı verdilər. Heç olmasa sizlər alət olmayın. Əsil hədəfi şaşırtmayın.