AzMİU-da nəşr olunan “Tikintinin iqtisadiyyatı və menecment” jurnalı Rusiya Elmi İstinadlar İndeksi (RİNC) məlumat bazasında yerləşdirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Biznesin iqtisadiyyatı və menecment” kafedrasınin müdiri professor Məhəbbət Məmmədovun baş redaktorluğu ilə 2016-ci ildən nəşr olunan “Tikinti iqtisadiyyatı və menecment” elmi-praktiki jurnalı Rusiya Elmi istinadlar indeksi (RINC) məlumat bazasında yerləşdiriləcək. Jurnalın bazada yerləşdirilməsi və təbliği məqsədi ilə 11 mart 2022-ci il tarixində Elmi Elektron Kitabxana (eLIBRARY) ilə 69-03/2022 saylı lisenziya müqaviləsi bağlanıb.
AzMİU və eLIBRARY arasında bağlanan müqavilə iqtisadçı alımlərin, professor-müəllim heyətinin, doktorantların, magistrlərin, mütəxəssislərin elmi araşdırmalarının, məqalələrinin və alınan nəticələrinin qeyd olunan bazada yerləşdirilməsini və onlara istinadların artırılmasını təmin edəcək. Eyni zamanda “Tikintinin iqtisadiyyatı və menecment” jurnalının beynəlxalq məlumat bazalarında yerləşdirilməsi jurnalda nəşr olunan elmi məqalələrin geniş təbliğ edilməsində xüsusi əhəmiyyətə malik olacaq.
Məlumat üçün qeyd edək ki, RINC – eLIBRARY.RU-ya inteqrasiya olunmuş elmi informasiya resursunun tərkib hissəsi kimi müəlliflərin nəşrlərinin biblioqrafik məlumat bazasıdır. eLIBRARY.RU isə İnternetin Rusiya zonasında inteqrasiya olunmuş elmi informasiya portalıdır, eyni zamanda elmi nəşrlərin məlumat bazaları, elm və ali təhsilin informasiya təminatı xidmətidir.