“Delyaqin Jirinovskinin boşluğunu doldurmağa çalışır” – Fazil Mustafa
“Rusiyalı deputat Mixail Delyaqinin açıqlaması Rusiya-Azərbaycan münasibətlərini pozmağa yönəlmiş addımdır”.
Bu sözləri Modern.az-a Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fazil Mustafa deyib.
Deputat bildirib ki, Delyaqinin Azərbaycanı hərbi müdaxilə ilə təhdid etməsi təkcə özünün fikri olmaya bilər:
“Burada münasibətlərin pozulmasında maraqlı olan qüvvələrin də təsiri, əli var. Biz məsələyə daha təmkinlə cavab verməliyik. Rəsmi qaydada həm Rusiya dostluq qrupunun üzvlərinə, həm də Rusiya parlamentinə müraciət edilməlidir. Çünki rus deputatın fikirləri dost ölkələri düşmənə çevirmə niyyəti daşıyır.
Bizim Rusiya ilə hansısa problemimiz yoxdur, Rusiya ilə imzaladığımız sənədlərə hörmətlə yanaşırıq. Burada konkret olaraq məsələ Qarabağda baş verən hadisələrdən gedirsə, imzalanan üçtərəfli bəyanata sadiqik. Sənədə görə erməni hərbi birləşmələri Qarabağdan çıxarılmalı idi, bu, hələ də yerinə yetirilməyib. İlk olaraq, Rusiya sülhməramlılarının öhdəliyində bu məsələnin həlli vacibdir ki, müqavilənin maddələri pozulmasın”.
Deputatın fikrincə, M. Delyaqin Jirinovskinin funksiyasını üzərinə götürməyə, boşluğu doldurmağa çalışır:
“Bu cür açıqlamaları artırsa, Rusiyanın Liberal Demokrat Partiyası onu transfer edəcək. Çünki belə şəxslər ancaq bu funksiyaya xidmət edə bilər. Delyaqinin addımı Rusiyanın özü üçün də arzuolunmazdır. Çünki Azərbaycan konkret olaraq, Rusiyaya qarşı hansısa sanksiyaya qoşulmayıb, qonşu ölkəyə yönəlmiş proseslərdə iştirak etmir. Bütün hallarda qonşuları, həmçinin Rusiya ilə beynəlxalq hüquq çərçivəsində münasibətlərini qurmağa üstünlük verib. Ona görə, bu məsələ ciddi şəkildə qınanmalıdır. Sadəcə məsələni qızışdırmaq doğru deyil. İzah etməliyik ki, başqa dövlətlərə, xalqlara aşağılayıcı mövqedən yanaşmaq Rusiyanın özü üçün də zərərlidir”.
Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqin Bakının neft mədənlərinə bomba zərbəsi endirməyi təklif edib. Mixail Delyaqin iddia edir ki, Azərbaycan Rusiya üçün böyük təhlükədir və Bakının cəzalandırılması lazımdır.