İdxaldan ixraca doğru uğurlu addımlar atılır – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ
Azərbaycanın iqtisadi – siyasi gücü artıq bütün dünyaya məlumdur və əksər dövlətlər tərəfindən inkişafımız yüksək qiymətləndirilir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədri qeyd edib ki, bu gün nəinki region ölkələri, Avropa, eləcə də Qərb ölkələri Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasına, əməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm verirlər, çünki indiki çətin şəraitdə ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və magistral xətlərin şaxələnməsini sürətləndirir.
“Azərbaycan yalnız neft – qaz ixrac edən ölkə kimi tanınmır. Ölkəmizin rəhbəri cənab İlham Əliyevin düşünülmüş siyasətinin uğurlarıdır ki, bir neçə il bundan əvvəl xarici ölkələrdən elektrik enerjisi idxal edən Azərbaycan indi ixaracatçı bir ölkəyə çevrilibdir. Artıq biz dörd ölkəyə elektrik enerjisi ixrac edirik. Dövlətimizin başçısının bilavasitə tapşırıqları əsasında son illər ölkədə 35 – dən çox elektrik stansiyası yenidən qurularaq istismara verilibdir. Qarşıdakı hədəflər daha böyükdür. Məqsəd 2030 – cu ilə qədər elektrik enerjisi istehsalının 30 faizini bərpa olunan enerjiyə çevirmək və Avropaya ixrac etməkdir.
Cari ilin ilk ayında Səudiyyə Ərəbistanını təmsil edən “ACWA POWER” şirkəti ilə 240 meqavat gücündə külək elektrik stansiyasının təməlinin qoyulması, fevral ayında “Azərenerji” tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyasının açılışı və eləcə də bu günlərdə Prezidentimizin iştirakı ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlinin qoyulması gələcək uğurlardan və məqsədlərin həyata keçirilməsindən xəbər verir. Son üç ayda 850 meqavat yeni generasiya gücü istehsalı sahələrinin təməlinin qoyulması və ya istismara verilməsi iqtisadi gücümüzün əyani ifadəsidir. Azərbaycanın nəinki neft – qaz, eləcə də elektrik enerjisi ixrac edən bir ölkəyə çevrilməsi əlbəttə ki, iqtisadi inkişafımız və xalqımızın firavan həyatı baxımından çox əhəmiyyətlidir”, deyə Tahir Rzayev bildirib.