FotoGündəmManşetSiyasətXəbər xətti

Gəncədə şəhid Elvin Mustafayevin məzarı ziyarət edilib – FOTOLAR

Şəhidlik ən ali, müqəddəs və şərəfli zirvədir. Torpaq uğrunda canını fəda edən Vətən övladı əslində ölmür, ölümü ilə əbədilik qazanır. Vətən müharibəsində qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Mustafayev Elvin Fəxrəddin oğlu kimi.

Martın 14-də Gəncədə şəhid Mustafayev Elvin Fəxrəddin oğlunun doğum günü qeyd olunub. Doğum günündə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Milli Məclisin deputatları Pərvin Kərimzadə, Müşfiq Cəfərov, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Gəncə Şəhidlər xiyabanında qəhrəmanın məzarını ziyarət edən mərasim iştirakçıları Elvinin Vətənə, torpağa, elə-obaya güclü bağlılıq hislərindən danışıb, şəhidimizin əziz xatirəsini ehtiramla anıblar. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Elvin Mustafayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Mustafayev Elvin Fəxrəddin oğlu 14 mart 1992-ci ildə Gəncədə anadan olub. O, 27 sentyabr 2020-ci ildə Murovdağ döyüşləri zamanı şəhid olub. Elvin Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itgin düşən hərbi qulluqçu hesab olunub, tapıldıqdan sonra Gəncə şəhər Şəhidlər xiyabanında dəfn edilib.

Şəhidlik mərtəbəsinə ucalan Elvin Mustafayevin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq.