FotoManşetSiyasətXəbər xətti

Ağsaqqallar Şurasının növbəti qurultayı keçirilib – FOTOLAR

Fevralın 27-də Azərbaycan Ağsaqqallar Şurasının VII qurultayı keçirilib. Fəttah Heydərov qurultayda yenidən Azərbaycan Ağsaqqallar Şurasının sədri seçilib.

Qurultayda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları iştirak ediblər.

Qurultayda çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib ki, Ağsaqqallar Şurası ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir. Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə edən, onlara yol göstərən ağsaqqallardır. Təsadüfi deyil ki, Ağsaqqallar Şurası bir qurum kimi Azərbaycanda gərgin vəziyyətin hökm sürdüyü vaxtda yaranıb. Bu, təqdirəlayiq və məntiqli idi. Ulu öndər Heydər Əliyev ağsaqqallara xüsusi ehtiramla yanaşır, onlara güvənirdi. Azərbaycan ağsaqqalları ölkəmizə ictimai-siyasi sabitliyin bərqərar olunmasında böyük rol oynayıblar. Bu gün də ölkəmizin həyatında Azərbaycan ağsaqqallarının mühüm rolu var. Onlar ölkəmizin ictimai-siyasi, elmi, mədəni həyatında fəal iştirak edirlər. Prezident İlham Əliyev müvafiq sərəncamları ilə Ağsaqqallar Şurasının üzvlərini xidmətlərinə görə mükafatlandırıb.

Ərəstun Mehdiyev əmin olduğunu bildirib ki, Azərbaycan ağsaqqalları bundan sonra da ölkəmizin ictimai-siyasi həyatında fəaliyyətlərini uğurla davam etdirəcəklər.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə, Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov, Gəncə şəhər Ağsaqqallar Şurasının sədri Xalid Qurbanov və digər çıxış edənlər bildiriblər ki, bu gün Azərbaycanda ağsaqqalların ictimai-siyasi fəallığının təmin edilməsi üçün hər cür şərait yaradılıb. Xüsusən gənc nəslin tərbiyəsində onların rolu böyükdür.

Çıxışlarda Ağsaqqallar Şurasının beş illik fəaliyyəti yüksək qiymətləndirilib. Bildirilib ki, Şura ictimai-siyasi hadisələrə diqqətlə yanaşır, bu proseslərdə fəal iştirak edir.

Daha sonra Şuranın rəhbər orqanları seçilib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor, millət vəkili Elman Nəsirov, “İki sahil”qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digər şəxslər ilk dəfə qurumun Məclisinə üzv seçiliblər.

Fəttah Heydərov açıq səsvermə yolu ilə yenidən Azərbaycan Ağsaqqallar Şurasının sədri seçilib.

Sonra qurultayın qətnaməsi oxunub.

Bununla da Azərbaycan Ağsaqqallar Şurasının VII qurultayı işini başa çatdırıb.