“Azərbaycanlılar Moskvada imzalanmış sənədi yüksək qiymətləndirirlər” – Tahir Rzayev
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Tahir Rzayev çərşənbə axşamı günü Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putinin Kremldəki görüşündə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında imzalanmış Bəyannamənin vacibliyini Aktor.Az-a şərh edib.
Millət vəkilinin fikirlərini diqqətə çatdırırıq:
“Azərbaycan beynəlxalq münasibətlər sistemində öz yeri və rolu olan bir dövlətdir.Azərbaycan prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət ölkəmizin dünyada yerini təmin etmiş və artıq Azərbaycan sülhü, sabitliyi bərqərar edən ölkə kimi tanınır.Bu, 44 günlük müharibə dövründə də özünü göstərdi və nəticədə ölkələr Azərbaycanın haqlı mübarizəsinə dəstək verdilər.Sözsüz ki, bu gün Cənubi Qafqazda sülhün, sabitliyin bərqərar olması olduqca vacibdir və problemlərin həll olunması bütün dövlətlər üçün faydalıdır.Ancaq bu da bir həqiqətdir ki, Rusiya Federasiyasının iştirakı olmadan Cənubi Qafqazda hər hansı mühüm layihəni, sabitliyi, sülhü bərqərar etmək çətindir.Ona görə də, Azərbaycan prezidenti hakimiyyətdə olduğu illərdə Rusiya ilə münasibətlərin yaxşılaşmasına böyük önəm verib və bu əməkdaşlıq ildən-ilə daha da möhkəmlənib, bu gün də əlaqələr yeni bir mərhələyə qədəm qoyub.Moskva Bəyannaməsinin qəbul edilməsi, müttəfiqlik haqqında sənədin imzalanması bunu bir daha göstərir.Bu, həm rus, həm də azərbaycan xalqları üçün faydalıdır.Qarşılıqlı fəaliyyət, əməkdaşlığın mökəmləndirilməsi önəmlidir.Yeni sənəd əlaqələrin müttəfiqlik səviyyəsinə çatdırmaq deməkdir.40 maddədən ibarət sənəd bütün sahələri əhatə edir.Xaqların dostluğu ilə bərabər sənəd Azərbaycanın təhlükəsizliyi baxımdan da önəmlidir.Hər iki ölkənin – cənab İlham Əliyevin və cənab Vladimir Putinin səsləndirdiyi fikirlər vətəndaşlarımız arasında böyük ruh yüksəkliyi yaradır.Tarixi köklərimizlə bərabər sənəd Rusiyada yaşayan milyonlarla azərbaycanlının da gündəlik fəaliyyətində mühüm rol oynayacaq.Sənədin imzalanmasından dərhal sonra Ermənistanda Rusiya əleyhinə fikirlər səslənməyə başladı.Ermənilərin hazırda öz problemləri üz-üzə qaldığı bir vaxtda Azərbaycan vətəndaşları imzalanmış sənədi çox yüksək qiymətləndirir”.