“Əjdaha göndərib, təhdid etmək nə deməkdir?!” – Tahir Rzayev
“Hər şeyi ictimailəşdirmək, şouya çevirmək doğru deyil. Milli Məclisin bütün deputatları haqqında müəyyən xoşagəlməz fikirlər zaman-zaman səsləndirilir. Biz deputat seçilmişiksə, həm də səbrimiz və təmkinimizlə başqalarından fərqlənməli, bütün sahələrdə iradəmizlə seçilməliyik. Təəssüflər olsun ki, deputat həmkarlarım bəzi hallarda onlara deyilən xoşagəlməz sözlərdən çox ciddi narahatlıq keçirirlər”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deputat həmkarı Tahir Kərimlinin müzakirələrə səbəb olan videosu barədə danışarkən deyib.
O bildirib ki, kiminsə əsası olmayan fikir yürütməsi onun təfəkküründən xəbər verir: “Misal üçün, mənim haqqımda o qədər yalanlar, iftiralar səsləndiriblər ki… Deyiblər, guya cinayət işlətmişəm, silahlı dəstələrim, fermalarım, qoyun sürülərim var. Bundan başqa, ailə, qohumlar haqqında əsassız iddialar ortaya qoyublar. Amma bunların yalan olduğunu bildiyim üçün heç əhəmiyyət də vermirəm. Hesab edirəm ki, bizim əməllərimizlə tanış olanlar həmin iddiaların iftira olduğunu, onsuz da yaxşı başa düşürlər. Bəzi hallarda deputatın uzaq qohumunun hansısa səhvini də deputatın adına yazırlar. Buna deputat nə etsin axı?! Əgər deputatın fəaliyyətində nöqsan varsa, razıyam, bunu qabartmaq lazımdır. Əks halda, deputatla əlaqəsi olmayan hadisələrin qabardılması əsassızdır. Tahir Kərimli yaxşı deputat və insandır, işinə məsuliyyətlidir. Ona bir həmkar kimi hörmətim böyükdür, amma hesab edirəm ki, həmin məsələni bu cür böyütmək və ictimailəşdirmək lazım deyildi. Milli Məclisdə elə bir deputat yoxdur ki, onun haqqında yalan, iftira və böhtan deyilməsin. Həmin xoşagəlməz ifadələri söyləyənlər də baxıb düşünsünlər ki, indi bizim barəmizdə belə yalan danışırlarsa, vaxtı gələndə onların ailəsi, övladları haqqında da başqaları təhqir və təhdid dili ilə danışa bilər. Ona görə də lazım deyil, məsələlərə obyektiv yanaşmaq lazımdır. Təəssüf ki, indi hər kəs gördüyü ən xırda nöqsanları belə şişirtməklə məşğuldur. Əjdaha göndərib, təhdid etmək nə deməkdir?! Heç yaxşı hal deyil”.