GündəmİqtisadiyyatManşetSiyasətXəbər xətti

“Prezidentimizin addımları uğurludur” – Tahir Rzayev

Azərbaycanın sürətli inkişafı bu gün bütün sahələrdə özünü göstərməkdədir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, bir vaxtlar xarici ölkələrdən enerji idxal edən Azərbaycan indi nəinki neft, qaz ixrac edən, həm də elektrik enerjisi ixrac edən dövlətə çevrilibdir.

“Dövlətimizin rəhbəri cənab İlham Əliyevin rəhbərliyi illərində elektrik enerjisinə olan tələbatların ödənilməsi və bu sahənin inkişafı ilə əlaqədar görülən mühüm tədbirlər öz nəticələrini verməkdədir. “Qobu” enerji qovşağının “Qobu” yarımstansiyasının və “Qobu” elektrik stansiyasının açılışı zamanı Prezident ölkənin elektrik enerjisinə olan tələbatının ödənilməsindən və görülən işlərdən danışarkən bildirmişdir ki, “dünya miqyasında enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdənik və Azərbaycan elektrik enerjisi ixrac edən dövlətdir”.

“Qobu” enerji qovşağı ölkəmizdə, xüsusilə Bakıda və Abşeron yarımadasında elektrik enerjisinə sürətlə artan tələbatı ödəmək, paytaxtın və yarımadanın regionlardakı elektrik stansiyalarından asılılığını azaltmaq, elektrik enerjisi ilə dayanıqlığını və etibarlılığını maksimum səviyyəyə çatdırmaq, texniki itkiləri azaltmaq, sistem qəzası təhlükəsini minumuma endirmək baxımından çox əhəmiyyətlidir və bu günün tələblərinə hərtərəfli cavab verir. Dövlətimizin rəhbəri qeyd etmişdir ki, “keçən il Azərbaycanda 27 milyard kilovat – saat elektrik enerjisi istehsal edilmiş və 1,6 milyard kilovat – saat ixrac olunmuşdur, yəni biz artıq çox ciddi elektrik enerjisini idxal edən ölkəyə çevrildik və qeyd etdiyim kimi, həm daxili tələbat, həm də xaricdə enerji gücümüzə olan tələbat bizi yeni addımların atılmasına sövq edəcək”.

Əlbəttə atılan hər bir uğurlu addım, istifadəyə verilən hər bir müəssisə ölkəmizin inkişafı, maliyyə vəsaitlərinin cəlb edilməsi, ən başlıcası isə ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması üçündür. Prezidentimizin atdığı addımlar, həyata keçirdiyi tədbirlər uğurludur və bundan sonra daha uğurlu olacaqdır”, deyə Tahir Rzayev bildirib.