QHT sədri ilə müzakirə aparılıb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai birliyinin sədri, AMEA A.Bakıxanov adına Tarix İnstitunun əməkdaşı Faiq İsmayılovu qəbul edib.

Azərbaycan Ordusunun Ermənistan üzərində 44 günlük qələbəsindən sonra ideoloji cəbhənin gücləndirilməsi istiqamətləri barədə müzakirə aparılıb. Görüşdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, Zəngəzur bölgəsində və bütünlüklə Qərbi Azərbaycan ərazilərində Azərbaycan mədəni irs nümunələrinin ermənilər tərəfindən vandalizmə uğradılması və problemdən çıxış yolları müzakirə edilmişdir.

İki saat davam edən görüşdə, işğaldan azad olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinin qeydiyyata alınması, abidələrə ermənilər tərəfindən vurulmuş zərərlərin qiymətləndirilməsi, abidələrin pasportlaşdırılması və bərpası istiqamətində aparılan işlərin vəziyyəti diqqət mərkəzində olmuş və bu fəaliyyət proqramı üzərində İctimai nəzarətin təşkilinin zəruriliyi vurğulanmışdır.