“Drianın səsləndirdiyi fikirlər diplomatik tərbiyəsizlikdir” – Elçin Mirzəbəyli
Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drianın bu ölkənin Milli Assableyada səsləndirdiyi fikirlər diplomatik tərbiyəsizlikdir. Görünür nazir, diplomatik etikanın sərhədlərini aşarkən soyadının erməni dilində səslənişini (Dryan) əsas götürüb, yaxud ağzından bu sözün rus dilindəki (dryan-yararsız) anlamına uyğun ifadələr tökməyi öz statusuna uyğun sayıb.
Əslində, Drian, yaxud Dryan da çox yaxşı bilir ki, Fransa prezidentliyinə bu ölkənin respublikaçılar partiyasından namizəd Valeri Pekressin Azərbaycan ərazilərinə rəsmi Bakının razılığını almadan səfər etməsi qanunsuzdur. Çünki Fransada pasport nəzarəti rejiminin və miqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlı qanun layihəsinin müəlliflərindən biri də odur. Və məhz onun həmmüəllifi olduğu qanun layihəsində, Fransa tarixində ilk dəfə olaraq ölkə sərhədlərinin qanunsuz şəkildə keçilməsinə görə 1 il müddətində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Belə olduğu təqdirdə, cənab Dryanın Azərbaycan ərazilərinə qanunsuz səfər edən Valeri Pekressin və onun ən azı özü qədər simasız partiyadaşının əməllərini tənqid etmək əvəzinə, forma, məzmun və mahiyyət etibarilə qəbuledilməz fikirlər səsləndirməsi, Fransanın xarici siyasət idarəsinin rəhbərinin həm də riyakarlığından xəbər verir.
Elçin Mirzəbəyli