“Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin rolu” mövzusunda dəyirmi masa keçirib – FOTOLAR
Bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ADA Universitetində “Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda dəyirmi masa keçirib.
Tədbirdə Agentliyin Müşahidə Şurasının üzvləri və icraçı direktoru, mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən ictimai şuralarda təmsil olunan QHT sədrləri, habelə korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən təşkilatların təmsilçiləri iştirak ediblər.
Dəyirmi masanı giriş sözü ilə açan Prezident Administrasiyasının məsul əməkdaşı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin həyata keçirilməsində QHT-lərin əhəmiyyətli rolunu qeyd edib, onların dövlət qurumları ilə tərəfdaşlıq əsasında həyata keçirdiyi tədbirlərin vacibliyini vurğulayıb. V. Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verərkən ictimai nəzarətin gücləndirilməsi və onun istitusional formatının işlənib hazırlanması ilə bağlı fikirlərinin vətəndaş cəmiyyəti təsisatları, o cümlədən QHT-lər və media qarşısında yeni vəzifələr qoyduğunu diqqətə çatdırıb.
Daha sonra Agentliyin Müşahidə Şurasının üzvlərindən İsrayıl İsgəndərovun, Azər Allahverənovun, Zaur İbrahimovun, QHT təmsilçilərindən Əliməmməd Nuriyevin, Hafiz Həsənovun, Sevinc Əlizadənin, Məhəmməd Quluzadənin, Samir İsayevin, Cəsarət Hüseynzadənin mövzu ətrafında çıxışları dinlənilib. Onlar korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin hər zaman fəallıq nümayiş etdirdiyini bildiriblər, bundan sonra bu cür fəaliyyətlərin daha geniş vüsət alması üçün bir sıra təkliflər səsləndiriblər.
Tədbirin sonunda QHT təmsilçiləri Qorxmaz İbrahimov, Telman İsa, Əhməd Abbasbəyli, Gəray Əlibəyov, Emin Həsənli, Rauf Zeyni, Ceyhun Musaoğlu, Aqil Camal, Elşad Məmmədli, Ramil İsgəndərli, Mətanət Əsgərqızı, Şəlalə Həsənovanın iştirakı ilə müzakirələr keçirilib, onların fikirləri və təklifləri öyrənilib.