FotoGündəmManşetSiyasətXəbər xətti

KOORDİNASİYA ŞURASININ TƏDBİR GÖRÜŞÜ

Azərbycan Respublikasının Ədliyyə Nazirliyi və UNİCEF Azərbaycan ofisinin dəstəyi ilə icra edilən Yuvenal Ədliyyə Proqramı çərçivəsində 29 dekabr 2021-ci ildə yetkinlik yaşına çatmayanlarla aparılan işlər, keyslərin yekun müzakirəsi, yetkinlik yaşına çatmayanların ibtidai istintaq, təhqiqat və məhkəmədə müdafiəsi məsələlərinin müzakirəsi üçün Koordinasiya Şurasının növbəti görüşü keçirilmişdir. Həmçinin görüş zamanı proqram çərçivəsində həyata keçirilən tədbirlər və işlər zamanı qarşıya çıxan çətinliklər, növbəti il üçün qarşıya qoyulan yeni hədəflər müzakirə edilmişdir. Koordinasiya Şurasının iclasında müvafiq nazirliklərin, komitənin, uşaq problemləri sahəsində fəaliyyət göstərən yerli icra qurumları və agentliklərin nümayəndələri iştirak etmişdir.

Görüşdə UNİCEF Azərbaycan ofisinin nümayəndəsi Vüqar Salmanov Yuvenal Ədliyyə sistemində sosial xidmətlərin təşkili və uşaqlar üçün təxirə salınmaz xidmətlərin göstərilməsinin vacibliyindən danışmış, mərkəzin fəaliyyəti ilə bağlı təkliflər vermişdir. Həmçinin o, Ədliyyə Nazirliyi əməkdaşlıqda və Ədliyyə Akademiyasının təşkilatçılığı ilə Yuvenal Ədliyyə Mərkəzinin əməkdaşları tərəfindən keçirilən təlimlər və hazırlanan təlimat barəsində ətraflı məlumat vermişdir.

Bununla yanaşı, görüşdə Daxili İşlər Nazirliyi və Bakı Baş Polis İdarəsini təmsil edən əməkdaşlarla birgə son dövrlər qeydiyyat ünvanı olmayan uşaqlara şəxsiyyət vəsiqəsinin alınmasında yaranan çətinliklərin müzakirəsi aparılmışdır.

AQUPDK-nin nümayəndəsi isə öz çıxışında uşaqlarla bağlı Komitəyə daxil olan müraciətlər, uşaq intiharları, narkotikdən istifadə və orta məktəbdə baş verən bullinq hallarından bəhs etmişdir.

Təhsil Nazirliyinin nümayəndəsi ilə birgə xüsusilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilən elektron qolbaqlı yetkinlik yaşına çatmayanların təhsilə cəlb edilməsi problemlərindən, eksternat qaydada aralıq imtahanında qeydiyyat ünvanı olmadığı üçün iştirak edə bilməmələrindən və alternativ həll üsullarının araşdırılmasının əhəmiyyətindən  danışılmışdır. Qeyd edək ki, bu imtahanda iştirak uşaqların sosial mühitinin dəyişdirilməsi və təhsilə cəlb olunaraq deviant davranışdan yayınması üçün zəruri amil hesab edilir.

Kordinasiya Şurasının görüşünün yekunu olaraq qeyd edilən çətinliklərin aradan qaldırılması və növbəti etaplarda sosial-psixoloji yardımın müvafiq istiqamətdə göstərilməsi üçün uşaq sahəsində çalışan qurumların birgə fəaliyyəti, hazırda Yuvenal Ədliyyə mərkəzində qeydiyyatda olan və çətinliklərlə üzləşən uşaqlara dəstək mqəsədilə qurumlar arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanmışdır.