Hərbçilərin partiya sədrinə qarşı məhkəmələri başlayıb – Helikopter qəzası
Bu gün Yasamal rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin barəsində olan cinayət işləri üzrə iki məhkəmə prosesi keçirilib.Trend-in məlumatına görə, prosesdə Ə.Əliyevin vəkilləri vəsatət qaldıraraq hər iki işin eyni icraatda birləşdirilərək bir məhkəmə prosesinin keçirilməsini və cinayət işinə xitam verilməsini istəyiblər. Məhkəmə vəsatətləri təmin etməyib.
İş üzrə hazırlıq iclasları yekunlaşıb. Məhkəmə proseslərindən biri yanvarın 11-i, digəri isə yanvarın 13-nə təyin olunub.
Qeyd edək ki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər.
İddiaçılar şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyiblər.
Qeyd edək ki, iddiaçılar şikayətlərində bildiriblər ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü bildirib. Bu çıxışdan sonra qəza nəticəsində sağ qalan hərbçilər Əli Əliyevi məhkəməyə veriblər.