Uşaqlar arasında yayılan infeksiya COVID-19-dur?
Son günlər uşaqlar arasında yayılan xəstəliklərlə bağlı müraciətlərin sayı artıb. Gətirilən uşaqların böyük əksəriyyətində qızdırma, halsızlıq, öskürək, ishal və s. simptomlar müşahidə olunur.
Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilib ki, son zamanlar uşaqlar arasında yayılan xəstəliklər mövsümi xarakter daşıyır.
“Bəzi uşaqların bunu bir qədər ağır keçirməsi onların koronavirusa (COVID-19) yoluxması demək deyil. Uşaqlarda COVID-19-a yoluxma çox az hallarda baş verir,” – məlumatda bildirilir.
R.Hüseynova valideynlərə tövsiyəsində bildirib ki, hazırda geniş yayılan xəstəliyin müalicəsi üçün həkimlə məsləhətləşmək mütləqdir:
“Valideynlər həkimlə əlaqə qurana qədər uşaqlara çoxlu maye, onların qızdırmasının aşağı düşməsi üçün dərman verə bilərlər. Antibiotik vasitələrdən istifadə isə yolverilməzdir. Antibiotiklə müalicəyə ancaq həkim qərar verə bilər”.
Pediatr-infeksionist əlavə edib ki, sağlam qidalanmaqla, gigiyena qaydalarına düzgün əməl etməklə, insanlarla sıx təmasdan uzaq olmaqla xəstəliklərdən qorunmaq mümkündür.