GündəmManşetSosialXəbər xətti

Ata Abdullayev azadlıqdan məhrum edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Trend-in məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Ata Abdullayev son söz deyib.

“Mən heç kimdən pul tələb etməmişəm. Amma günahımın nədən ibarət olduğunu bilirəm. Buna görə dəfələrlə üzr istəmişəm və bir daha da üzr istəyirəm. Kiminsə sözünü kəsmişəmsə, kiməsə qarşı xətam olubsa, böyüklərdən də, kiçiklərdən də dönə-dönə üzr istəyirəm. Mən bilirəm ki, nəyə görə buradayam,” – deyə Ata Abdullayev bildirib.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanla Milanda necə görüşməsi barədə də ətraflı danışıb: “Paşinyanın kilsəyə gələcəyini öyrənəndən sonra bir azərbaycanlı tələbə ilə ora getdim, gözətçiyə özümü gürcü jurnalist kimi təqdim etdim. Müəyyən qədər gözləyəndən sonra bir neçə nəfər qadına qoşulub, kilsəyə daxil oldum. Orada sual verəndə azərbaycanlı olduğumu bildilər”.

Ata Abdullayevin vəkili Telman Talıbov da müvəkkilinə qarşı irəli sürülən ittihamların əsassız, uydurma olduğunu deyib. Onun sözlərinə görə, ittihamlar söz yığınından ibarətdir, heç bir sübut yoxdur.

Daha sonra hakimlər hökm oxumaq üçün müşavir otağına yollanıb.

Müşavirədən sonra təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə A. Abdullayev 7 il azadlıqdan məhrum edilib.

İttihama əsasən, A.Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. Belə ki, o, Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və “Formula-1” yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib. Son nəticədə 2400 manatlıq “iPhone 11 Pro Max” telefonu alıb.

Bundan başqa, A.Abdullayev Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6 000 pul istəyib. O, Masazırda məişət tullantılarının vaxtında daşınmaması ilə bağlı video yaymaqla hədələyib.

Həmçinin o, aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan da pul tələb edib.

A.Abdullayev Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15 000 manat pul tələb edib.

Bununla əlaqədar ona CM-in 182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələrilə ittiham verilib.Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham edilərək barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.