Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri uşaq sığınacağında olublar – FOTOLAR
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri uşaq sığınacağında olublar
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il münasibətilə Azərbaycan Uşaqlar Birliyinin Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzini ziyarət ediblər.
Dövlət Miqrasiya Xidmətinin dəstəyi və İctimai Şuranın Gənclərlə iş üzrə işçi qrupunun birgə təşkilatçılığı ilə uşaq sığınacağına edilmiş ziyarət çərçivəsində valideyn himayəsindən və qayğısından məhrum olmuş uşaqlar üçün əyləncəli tədbir təşkil olunub, onlara yeni il hədiyyələri və dərs ləvazimatları hədiyyə edilib. Tədbirdə iştirak edən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin üzvləri uşaqlarla vaxtın əyləncəli keçirilməsi üçün müxtəlif oyunlar və viktorinalar təşkil ediblər.
Tədbirdə iştirak edən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın Gənclərlə iş üzrə işçi qrupunun rəhbəri Aydan Haşımova və “Miqrasiya Könüllüsü” İctimai Birliyinin üzvləri sığınacaqda uşaqlar üçün yaradılmış şəraitlə və texniki imkanlarla tanış olublar. Ümumilikdə 25 uşağın təhsil alıb yaşadığı sığınacaqda hüquqi xidmət göstərən hüquqşünas Fariz Əkbərli uşaqların hüquqi təminat məsələləri, sosial müdafiəsi və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verib.