Qüdrət Həsənquliyev İlham Əliyevin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərindən danışdı
Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev də yubileyi qeyd olunan prezidentlə bağlı yerli mətbuata düşündüklərini ifadə edib.Onun fikrincə, İlham Əliyevin xalqımız və dövlətimiz qarşısındakı ən böyük xidməti ölkəmizi mürəkkəb ictimai-siyasi proseslərin içərisindən uğurla keçirərək Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə nail olmasıdır. Onun Rusiya ilə münasibətdə yürütdüyü uğurlu siyasət, Azərbaycana ən çətin anlarda belə güvənə biləcəyimiz dost dövlətlər qazandırması, qardaş Türkiyə ilə Türk Dünyasının birliyi istiqamətində göstərdiyi səylər xüsusi qiymətləndirilməlidir.Deputat sonra deyib ki, Azərbaycan xalqı İlham Əliyevi ilk dəfə ölkəmizin ağır günlərində – “20 Yanvar” qətliamından sonra Heydər Əliyevin qırğını törədənləri lənətləyib, cinayətkarların cəzalandırılmasını tələb etdiyi tarixi mətbuat konfransında, onunla çiyin-çiyinə dayanıb bu qırğına etiraz edən şəxs kimi gördü. Həmin zaman çoxları bunun çox riskli bir iş olduğunu başa düşsə də, onun gələcəkdə böyük siyasətə qatılıb-qatılmayacağını, hadisələrin necə nəticələnəcəyini təsəvvürlərinə belə gətirə bilməzdilər. O gündən xalqımız Azərbaycanın müstəqilliyinin, suverenliyinin əldə olunması və qorunması, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda uzun və məşəqqətli bir mücadilə yolu keçdi. Bu yolda İlham Əliyev Heydər Əliyevin yaxın silahdaşı kimi onunla birlikdə addımladı. Heydər Əliyevin liderliyi ilə Azərbaycanın qarşısında dayanan ən böyük problemlərin həllinə yol açacaq enerji strategiyamızın müəyyənləşməsi və həyata keçirilməsində mühüm rol oynadı.