Uşaqlar arasında virus xəstəlikləri artıb – KTM
Kliniki Tibbi Mərkəzin tabeliyində olan 2 saylı Klinik Uşaq Xəstəxanasına bu il virus xəstəlikləri ilə bağlı müraciət edənlərin sayı artıb.Trend xəbər verir ki, bu barədə xəstəxananın pediatr-infeksionisti Rəna Hüseynova bildirib.
R.Hüseynova qeyd edib ki, hazırda xəstəxanalara ən çox uşaqlar inaq (yuxarı tənəffüs yollarının, xüsusilə qırtlaq (səs tellərinin) və nəfəs borusunun iltihabı) səbəbindən müraciət edir: “Uşaqlarda əsasən yüksək hərarət, öskürək, bəzən isə qusma, ishal müşahidə edilir. Çoxu bunu soyuqla əlaqələndirsə də, bu virusdur. Sadəcə bədəndə virus olduğu üçün soyuqdəymə ilə əlaqəli xəstəlik daha da ağırlaşır. Valideynlərin çoxu bu kimi hallarda uşaqları həkimə gətirmədən, evdə müalicə etməyə çalışırlar. Bununla isə uşağın vəziyyəti daha da ağırlaşa bilər. Xəstə uşağa mütləq həkim baxmalıdır. Həkim təyin etmədən uşaqlara antibiotik verilməsi yolverilməzdir”.
Pediatr-infeksionist xəstələnən uşaqlara qulluq üçün tövsiyələrini də verib: “Uşaqların qızdırması olarsa, ilk olaraq onlara “paracetamol” dərmanı vermək və çoxlu maye içirtmək lazımdır. Ən əsası isə valideynlər vaxt itirmədən yaşadıqları ərazi üzrə poliklinikalara müraciət edib, həkimlərdən məsləhət almalıdırlar. Xəstə uşaqları daha çox geyindirmək də düzgün deyil. Bu tərləməyə və daha çox vəziyyətin ağırlaşmasına gətirib çıxara bilər. Valideynlərə məsləhətim odur ki, uşaqların əllərini tez-tez yumasına, sıxlıq olan ərazilərdə olmamalarına diqqət etsinlər. Gigiyenik qaydalara və sosial məsafəyə əməl etməklə, uşaqların sağlamlığının qayğısına qalmaq mümkündür”.