Dövlət Miqrasiya Xidməti 1-ci oldu – “ASAN xidmət indeksi” üzrə /FOTOLAR
“ASAN xidmət indeksi” üzrə 4 ildir ki, ardıcıl olaraq dövlət qurumları arasında ən yüksək nəticəni Dövlət Miqrasiya Xidməti göstərib. Bununla bağlı məlumat Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “ASAN xidmət indeksi” üzrə 2020-2021-ci il qiymətləndirmənin nəticələrinə dair onlayn təqdimat mərasimində bildirilib.
Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 24 mərkəzi icra hakimiyyəti orqanının 227 xidməti, Bakı şəhərinin 13 yerli icra hakimiyyəti orqanının 124 xidməti və kommunal xidmətlər göstərən 4 hüquqi şəxsin 48 xidməti daxil olmaqla, ümumilikdə 399 xidmət qiymətləndirilib.
Qeyd edək ki, bundan əvvəl 2017-2018, 2018-2019, 2019-2020-ci illər üzrə qiymətləndirmə nəticələrinə əsasən “ASAN xidmət indeksi” üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanları sırasında Dövlət Miqrasiya Xidməti birinci olmuşdur. Belə ki, Xidmət cari il 92,78 % nəticə ilə ardıcıl 4-cü dəfə ən yüksək nəticə göstərib.
Qiymətləndirilmənin keçirilməsində əsas məqsəd dövlət xidmətlərində keyfiyyətin, səmərəliliyin artırılması, yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır.