“Mehman Əliyev problemi gözünü örtən qərəz pərdəsində axtarmalıdır” – Elçin Mirzəbəyli
Medianın İnkişafı Agentliyi (MEDİA) və Milli Televiziya və Radio Şurasının (MTRŞ) “Media haqqında” Qanun layihəsi ətrafında səsləndirilən iddialarla bağlı açıqlamasını, sözügedən layihənin ərsəyə gəlməsini zəruri edən amillərin təhrif olunması istiqamətində nəzərə çarpan cəhdlərə əsaslandırılmış və tutarlı cavab kimi qəbul etmək olar.
Qeyd edim ki, qanun layihəsi ətrafında səsləndirilən əsaslandırılmamış və qərəzli mülahizələrdən biri, sənədin hazırlanması prosesinin qapalı şəkildə aparılması və ictimai müzakirələrə çıxarılmaması barədə iddialardır. Ölkə gündəmini diqqətlə izləyən hər kəsə bəllidir ki, qanun layihəsi üzərində az qala bir ilə yaxındır ki, iş gedir və bu proses daim peşəkar mediaya açıq olub. Müxtəlif dövrlərdə qanun layihəsinin həm ayrı-ayrı media təsisatlarında, həm media qurumları rəhbərlərinin və təmsilçilərinin iştirakı keçirilən toplantılarda, həm də ADA Universitetində və digər ali təhsil müəssisələrində təşkil olunan seminar və təlimlərdə təqdimatı olub. Bu təqdimatlar interaktiv qaydada keçirildiyi üçün bütün iştirakçıların qanun layihəsinin ayrı-ayrı müddəalarına münasibət bildirmək və öz təkilflərini irəli sürmək imkanı da olub, şübhəsiz. Bu baxımdan, hesab edirəm ki, “Media haqqında” Qanun layihəsi istisansız olaraq, son dövrlərdə geniş ictimai müzakirəyə çıxarılan və əlçatan olan hüquqi-normativ aktlardan biridir.
Bütün bunlara baxmayaraq, məsələn Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, “MEDİA qanun layihəsinin hazırlanmasını qapalı həyata keçirib və “Media” haqqında qanunun Milli Məclisin iki komitəsində təqdimatı zamanı tədbirə hakimiyyətyönlü media təmsilçilərini çağırıblar”. Bu qədər absurd və əsassız bir iddianın irəli sürülməsi üçün, düşünürəm ki, xroniki narazılığın ən son həddinə çatmaq lazımdır ki, Milli Məclisdə keçirilən müzakirələrdə iştirak edən media təmsilçilərinin “hakimiyyətyönlü” olduğunu iddia edə biləsən. Sözügedən ictimai müzakirədə iştirak edən şəxslərin adlarını sıralamaqdan çox uzağam, amma Mehman Əliyev, az qala hər gün görüşdüyü, eyni baxış bucağına sahib olduğu şəxslərin Milli Məclisdə keçirilən toplantıda iştirakını görə bilməyibsə, o zaman problemi öz görmə qabiliyyətində, yaxud gözünü örtən qərəz pərdəsində axtarmalıdır.
Digər tərəfdən, bəziləri unudurlar ki, əgər bu və ya digər qanun layihəsinin müzakirəsi zamanı bütün maraqlı tərəflərin, o cümlədən qanunvericilik haqqında təsəvvürləri, hüquqi bilikləri olmayan insanların iştirakı təmin olunarsa, o zaman bəzi sahə qanunları istisna olunmaqla, istənilən hüquqi-normativ aktın müzakirəsində bütün ölkə əhalisi iştirak etməli, hər bir qanunun qəbuluna görə ayrıça ümumxalq səsverməsi – referendum keçirilməlidir. Elə “Media haqqında” Qanun layihəsi konkret sahəyə aid hüquqi-normativ akt olsa da, bütün ölkə əhalisini, o cümlədən həddi-buluğa çatmayan, yəni səsvermə hüququ olmayan Azərbaycan vətəndaşlarını da əhatə edir.
Qanun layihəsi ilə bağlı, təəssüf ki, heç bir əsası olmayan və paradoksal olsa da layihə ilə əlaqədar məlumatsızlıqdan və qərəzdən irəli gələn iddialardan biri də, sənədin məhdudlaşdırıcı xarakter daşıması, beynəlxalq təcrübəyə əsaslanmaması ilə bağlıdır. Maraqlıdır ki, özlərini media sektorunun “nəhəng”lərindən hesab edən, amma bütün dövrlərdə Əlahəzrət SÖZ-dən daha çox, özlərinin ölkə sərhədlərindən kənardakı, beyət və istinad etdikləri mərkəzlərlə ortaq mənafelərinə xidmət edən xroniki narazıların əksəriyyəti, nəinki “Media haqqında” Qanun layihəsinin ayrı-ayrı müddəaları ilə, heç media qanunvericiliyi ilə bağlı hissəsi ilə də tanış olmayıblar. Halbuki ki, “Media haqqında” Qanun layihəsində bəzilərinin “məhdudlaşdırıcı” hesab etdiyi maddələr bundan öncə qəbuil edilən “Məlumat azadlığı haqqında”, “Fərdi məlumatlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında, eləcə də media sahəsini tənzimləyən digər normativ hüquqi aktlarda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə də öz əksini tapıb.
Tez-tez beynəlxalq hüquqdan nümunələr gətirən bəzi media ekspertləri, ən azı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən və sözügedən sənədlərdə yer alan məhdudlaşdırıcı prinsiplərdən məlumatlı olmalıydılar. Yəni bilməliydilər ki, bütün bu prinsiplər Ümumdünya insan hüquqları Bəyannaməsində, Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda, İnsan hüquqları və əsas azadlıqlar haqqında Avropa Konvensiyasında, Helsinki Yekun Aktında, Təkzib hüququ haqqında Beynəlxalq Konvensiyada, Üşaq hüquqları haqqında Konvensiyada və digər beynəlxalq sənədlərdə öz əksini tapıb.
BMT-nin insan hüquqları ilə bağlı müvafiq sənədlərində, həmçinin İnsan hüquqları və əsas azadlıqlar haqqında Avropa Konvensiyasında açıq şəkildə qeyd olunur ki, hər hansı bir insanın hüququ əgər başqa bir şəxsin hüquq və azadlıqlarını pozursa, gerçəkləşdirilə bilməz.
İnsan hüquqları və əsas azadlıqlar haqqında Avropa Konvensiyasının 10-cu maddəsində söz və ifadə azadlığının hansı hallarda məhdudlaşdırıla biləcəyi qeyd olunur. Beləliklə, sözgedən Konvensiyaya görə, söz və ifadə azadlığı milli təhlükəsizliyə və ərazi bütövlüyünə təhdid yaratdığı halda, ictimai asayişin və ictimai rifahın müdafiəsi, əhalinin sağlamlığının və mənəviyyatının qurunması, digər şəxslərin ictimai nüfuzunun və hüquqlarının müdafiəsi, məxfi məlumatların qarşısının alınması, ədalət məhkəməsinin nüfuzunun qorunması və toxunulmazlığının təmin edilməsi məqsədilə məhdudlaşdırıla bilər. “Media haqqında” Qanun layihəsini diqqətlə oxuyan və müqayisəli təhlil aparmağı bacaran istənilən şəxs, sənəddə beynəlxalq müqavilələrdən irəli gələn məhdudlaşdırılmalardan kənarda hər hansı bir məhdudlaşdırılmanın olmadığını görə bilər. Digər tərəfdən, bu məhdudlaşdırmalar ölkəmizdə daha öncə qəbul edilənb və “Media haqqında” Qanun layihəsinin 2-ci maddəsində istiqamd olunan digər hüquqi-normativ aktlarda da öz əksini tapıb. O zaman ortalığa maraqlı bir məqam çxır: Bu gün “Media haqqında” Qanun layihəsinin ətrafında ajiotaj yaratmağa çalışanlar hansı səbəblərdən daha öncə qəbul edilən sənədlərə münasibətdə eyni aqressiyanı sərgiləmirdilər? Bəlkə sözügedən layihənin hansısa maddəsində birbaşa onların maraqlarına toxunan məqamlar var. Məsələn, qanun layihəsinin 26.4-cü maddəsi… Həmin maddədə qeyd olunur ki, “media subyektinin onun təsisçisi (iştirakçısı) olmayan xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, onların filial və nümayəndəlikləri, həmin şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri hüquqi şəxslər, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsinə yol verilmir”.
Başqa bir neçə nümunə də gətirə biləm, amma buna ehtiyac duyulmadığını, eyni zamanda MEDİA və Milli Televiziya və Radio Şurasının birgə açıqlamasında, bütün sualların cavabının və izahının verildiyini düşünürəm.
Untumaq lazım deyil ki, qanun ayrı-ayrı şəxslərin arzu və istəklərinin toplusu deyil, hüquqi-normativ aktdır!
Elçin Mirzəbəyli