Vətəndaşlar razılaşmır, şirkət isə söküntü aparır — VİDEO
Bayıl qəsəbəsində yerləşən bir binadakı problemi gündəmə gətirmişik. Binada yaşayan sakinlərdən bəziləri tikinti şirkəti ilə razılığa gəlməyib. Onların razılığı əldə olunmadan, binada söküntü işlərinə başlanıb. Bu da sakinlərin narazılığına səbəb olub. Tikinti şirkəti iddialara cavab verib.
Binanın bir hissəsi xarabalığa çevrilib, bir hissəsində isə yaşayış davam edir. Buna səbəb bina sakinlərindən bəziləri ilə tikinti şirkəti arasında razılığın əldə olunmamasıdır. Buna baxmayaraq, şirkət söküntü işlərinə başlayıb.
Görüntülər paytaxtın Səbail rayonu, Qurban Abbasov küçəsi, 2 ünvanındandır. Sakinlər iddia edirlər ki, söküntü işlərinə bir neçə ay əvvəl başlanıb.
Sakinlər aparılan söküntü işlərinin binanı qəzalı vəziyyətə salmasından narahatdırlar. Üstəlik, səs-küy və kommunal xidmətlərin tez-tez dayandırılması onlara çətinlik yaradır.
Sakinlərin sözlərinə görə, bir vaxtlar onların binasının həyətində sakinlərin istirahəti və uşaqların oynamaları üçün geniş şərait olub. Lakin birinci mərtəbədə bir neçə mənzilin şirkət tərəfindən alınması ilə həyət də sökülüb, binanın yeganə girişi də bağlanıb.
Binadakı mənzillərin bir hissəsini alan “Rahat Həyat” şirkətinin nümayəndəsi Arzu Məmmədov isə bildirir ki, söküntü işlərini onlar yox, mənzillərini satan sakinlər özləri icra edirlər. Onun sözlərinə görə, sakinlərlə razılığa gəlinməməsinin səbəbi vətəndaşların həmin ərazidən mənzil və ya razılaşan digər sakinlərdən daha çox ödəniş istəmələridir.
Hüquqşünas Anar Ramazanov deyir ki, qanunvericiliyə əsasən, vətəndaşların razılığı olmadan binada heç bir halda söküntü işləri aparıla bilməz. Əks halda, bu, mülkiyyət və mənzil hüquqlarının birbaşa kobud pozuntusu halıdır. Vətəndaşlar mülkiyyət hüququna müdaxilə ilə bağlı məhkəməyə müraciət edə bilərlər.