GündəmKÖŞƏManşetMediaSosialXəbər xətti

“Diqqəti qanun layihəsinin pozitiv ruhundan yayındırmaq cəhdləri var…” – Elməddin Behbud

Vətəndaş cəmiyyətinin ən başlıca komponentlərindən biri və ictimai nəzarət funksiyasını yerinə yetirən institut olan medianın fəaliyyətini tənzimləyəcək yeni qanunun layihəsi gözlənildiyi kimi onlayn və sosial mediada geniş müzakirələrə səbəb olub. Sivil cəmiyyətin əsas atributlarından olan azad medianın fəaliyyətini müasir tələblər çərçivəsində tənzimləyəcək “Media haqqında” qanunla bağlı müzakirələrdə emosional notların yüksək olmasının səbəbini həm də özü ictimai nəzarəti həyata keçirən təsisatın ona nəzarət üçün hazırlanan çərçivələrə qarşı pozitiv mənada ərköyünlük etməsi kimi də qəbul etmək olar.

Adətən sorğulayan, təhlil edən, davamlı axtarış aparan, hesabat istəyən tərəf kimi cəmiyyətdə çıxış edən jurnalistlərin öz peşə fəaliyyətlərinə dair qanuna fərqli baxış bucaqlarından yanaşması tamamilə təbiidir. Eyni zamanda, etiraf edək ki, bu müzakirələrdə neqativ xarakterli gündəm formalaşdırmaq, hansısa məhdudlaşdırıcı normaları əsassız yerə qanun layihəsinin tərkib hissəsi kimi təqdim edərək jurnalistlər arasında yumşaq desək narahatlıq yaratmaq, diqqəti qanun layihəsinin pozitiv ruhundan kənarlaşdırmaq kimi meyillər də duyulmaqdadır.

“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası qanununun qəbulundan ötən 22 il ərzində media platformasında çoxsayda yeni trendlər meydana gəlib, ənənəvi media auditoriyasının sərhədlərini onlayn və sosial medianın xeyrinə önəmli dərəcədə “geri çəkməyə” məcbur olub, internet jurnalistikasının “dəqiqlikdən önəmli operativlik” diktəsi yeni problemlər və ona uyğun yanaşmalar yaradıb, xəbər istehsalının və məlumatın vətəndaşlara çatdırılma formalarının kəmiyyət göstəricisi xeyli yüksəlib, bir sıra tabular yıxılıb. Bu cəhətdən texnoəsrin tələbləri, həmçinin, informasiya siyasətinin dövlətin milli təhlükəsizliyi üçün önəmi nəzərə alınaraq yeni qanunun hazırlanması və qəbulu labüddür. “Media haqqında” qanun ilk növbədə bu sahədəki anlayışların aydın definisiyasını, izahını verir. Qanunun əsas nüvəsi isə mənim fikrimcə 5-ci maddədə əksinə tapıb. Sərbəst yazmaq, xüsusi ilə peşəkar şəkildə araşdırmalar aparmaq, əlaqədar subyektlərlə əməkdaşlıq etmək imkanı olmayan jurnalist yaradıcı şəxs kimi inkişaf edə və cəmiyyətə zəruri fayda verə bilməz. Çünki yaradıcılığın istedadla yanaşı, münbit zəminə də ciddi ehtiyacı var. Bu maddə ilə qanun ölkəmizdə media azadlığına tam təminat verir və bu sahədə “dövlət senzurası, habelə bu məqsədlə dövlət orqanlarının (qurumlarının) və ya vəzifələrin yaradılması və maliyyələşdirilməsini qadağan” edir.

Qanunun müzakirə olunan önəmli müddəalarından biri də Media reysteridir. Doğrudur, haqqında danışılan qanun media subyektlərinin Media Reyestrinə daxil olmasını məcburi norma kimi nəzərdə tutmur. Amma reyterdən keçib “sarı kart” alacaq media qurumları üçün müəyyən olunmuş güzəşt və imtiyazlar beynəlxalq təcrübədən irəli gələn, Azərbaycan jurnalistlərinin də haqqı çatan və çoxdan arzuladığı məsələlərdir. Media Reysteri həm də internetin imkanlarından istifadə edərək jurnalistikaya yalnız texniki və zəhmətsiz pul qazanılan sahə kimi yanaşıb onu “çirkləndirən” təsadüfi şəxslərin məsuliyyətli və peşəkar fəaliyyətə üstünlük verən media qurumlarından fərqləndirilməsinə də yardımçı ola bilər.

Qanunda əksini tapan güzəştlərin siyahısının daha da artması təqdirəlayiq olardı: – Media subyektlərinə dövlət orqanları (qurumları) tərəfindən rəsmi elan və sosial reklamların sifarişi; – Media subyektlərinin işçilərinin və jurnalistlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilən təlimlərdə ödənişsiz və ya güzəştli əsaslarla iştirakı; – Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilən dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlər üzrə layihələrdə iştirakı; – Maliyyə xarakterli güzəşt və imtiyazlardan (güzəştli kreditlərdən yararlanmaq daxil olmaqla) istifadə; – Sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması ilə bağlı güzəştlərdən yararlanma.

Qanun layihəsində nəzərdə tutulan imtiyazlardan istifadə etməyə lüzum görməyən media qurumları və jurnalistlər isə fəaliyyətlərini hazırkı qaydada davam etdirməkdə sərbəstdirlər. “Media haqqında” yeni qanunu geniş təhlil edərək ümumilikdə bunu demək olar ki, Azərbaycan mediasını yeni keyfiyyət mərhələsinə daşımaq üçün zəruri hüquqi bazanın hazırlanması günün tələbidir. Bu tələblərin ən vaciblərindən biri də şantaj, təhdid, qaralama, bir sözlə qeyri-peşəkar üsullarla jurnalistikaya tünd rəng verən fəaliyyətlərin qarşısını kəsən, məsuliyyətli, eyni zamanda auditoriya ilə təmas və cəmiyyətin müxtəlif subyektləri ilə qarşılıqlı kommunikasiya bacarığından asılı olaraq kompleks şəkildə inkişaf edə biləcək müasir medianın formalaşmasıdır. Təbii ki, nə qədər peşəkar mütəxəssisin cəlb olunmasına və xoş niyyətli yanaşmalara rəğmən mükəmməl qanun, sənəd hazırlamaq mümkünsüzdür.

Bu cəhətdən Azərbaycan cəmiyyətində ictimai rəyi formalaşdıran və inkişafın əsas tətikçisi olan təsisatların fəaliyyəti ilə bağlı bu qanunun da bir daha təkmilləşdirilməsinə və faydalı təkliflərin nəzərə alınmasına ehtiyac ola bilər. Ancaq bütövlükdə bunu demək olar ki, “Media haqqında” qanun layihəsi sadalanan məziyyətlərə sahib medianın formalaşması və inkişafı üçün zəruri baza rolunu oynayacaq proqressiv sənəddir.

 

Elməddin Behbud 

Jurnalist, “Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyinin (DANİB) sədri